Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Akademik Rafael Hüseynov: “Cəmiyyət həyatının istənilən sahəsində uğur qazanmağın ən mötəbər açarı məsuliyyətdir”
12.06.2020 17:53
  • A-
  • A
  • A+

Akademik Rafael Hüseynov: “Cəmiyyət həyatının istənilən sahəsində uğur qazanmağın ən mötəbər açarı məsuliyyətdir”

Azərbaycan vətəndaşlarının sağlamlığının qorunması yolunda dövlətin sistemli şəkildə həyata keçirdiyi siyasət, xüsusilə COVID-19 pandemiyasının yayılmağa başladığı dövrdə atılan addımların verdiyi müsbət nəticələr cəmiyyət tərəfindən məmnuniyyətlə qarşılanır.

Bu fikirləri AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov müsahibəsində bildirib. O, Prezident İlham Əliyevin iyun ayının 9-da Bakı, Sumqayıt və Abşeron rayonunun Saray qəsəbəsində üç modul tipli xəstəxananın açılışında karantin tədbirləri ilə əlaqədar səsləndirdiyi fikirlərə münasibətini bildirib. Qeyd edib ki, COVID-19 pandemiyasının dövlətlər və xalqlar üçün ciddi imtahana çevrildiyi bir dövrdə ölkələrin bu virusla mübarizədə vəziyyətinin ən bariz göstəricisi statistikadır.

Alimin sözlərinə görə, virusun yayılmağa başladığı ilk mərhələdə Azərbaycan dövlətinin atdığı zəruri addımlar virusla bağlı bir sıra ölkələrin üzləşdiyi ağır problemlərin respublikamızdan yan keçməsinə imkan yaratdı.

Akademik R.Hüseynov qeyd edib ki, bu virusa yoluxanların və həyatını itirənlərin sayı baxımından Azərbaycan üzrə rəqəmlərin yetərincə kiçik olmasının arxasında məhz dövlətin apardığı ardıcıl və səmərəli gərgin fəaliyyət dayanır: “Təsadüfi deyil ki, Ümumdünya Səhiyyə Təşkilatı da Azərbaycanı bu sahədə nümunəvi ölkə kimi qiymətləndirib”.

O, bildirib ki, Prezident İlham Əliyevin iyun ayının 9-da üç modul tipli xəstəxananın açılışında karantin tədbirləri ilə bağlı səsləndirdiyi əhəmiyyətli fikirlər arasında “Koronavirus pandemiyası başlayandan bu günə qədər Azərbaycan dövləti çox böyük məsuliyyət göstərib” fikri görülmüş işlərin əyani sübutudur. Alim əlavə edib ki, dövlət başçısı xəstəliyin yayıldığı dövrdə xalqımızın nümayiş etdirdiyi mütəşəkkillikdən, nizam-intizama riayətdən razılığını ifadə etməklə yanaşı, bir daha hər bir vətəndaşımızı daha artıq məsuliyyətə dəvət edir.

Sonda akademik R.Hüseynov vurğulayıb ki, cəmiyyət həyatının hər sahəsində, xüsusilə bu kimi həssas məsələlərdə arzuolunan nəticəyə gəlməyin ən zəmanətli yolu daxilən səfərbər olmaqdan, məsuliyyətdən keçir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: