Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Postpandemiya dövründə biotibb elminin prioritetlərinə dair
09.06.2020 09:27
  • A-
  • A
  • A+

Postpandemiya dövründə biotibb elminin prioritetlərinə dair

Nə qədər paradoksal səslənsə də, koronavirus pandemiyası biotibb elminin bir neçə sahəsinin inkişafı üçün unikal fürsətlərə yol açır. İmmunologiya və onun əsasında son illər formalaşan immunofiziologiya post-pandemiya dövründə inkişafı sürətlənəcək elmlər sırasındadır.

Bu virusla xəstələnmə hallarının dünya üzrə statistikasına baxış bir gözlənilməz mənzərəni aşkar edir: koronavirus infeksiyasının ağır gedişi və hətta ölümlə nəticələnməsi təkcə yaşlı və hər hansı xroniki xəstəliyi olan insanlarda deyil, heç bir xəstəliyi olmayan cavan və orta yaşlıların nəzərə çarpan faizində də rast gəlinir. Bununla yanaşı, 80+ yaş kateqoriyasına aid olan insanların, hətta uzunömürlülərin koronavirusdan sağalması halları da az deyil. Bu, onu göstərir ki, ümumi qəbul olunmuş yaş həddi və xroniki xəstəliklər kimi risk faktorlarından əlavə bu xəstəliyin gedişinə və nəticəsinə təsir edən digər amillər də mövcuddur və bu amillər alimlərin diqqətindən kənarda qalmamalıdır.

Məsələn, risk qrupuna aid olmayan insanlarda COVİD-19 virusunun ağır gedişinin səbəbi immun sisteminin genetik proqramlaşdırılmış xüsusiyyətləri ilə bağlı ola bilər ki, bu xüsusiyyətlər infeksion amillərə, o cümlədən koronavirus COVİD-19 infeksiyasına qarşı orqanizmin müqavimətini müəyyənləşdirir. Bəzi immunoloqlar məhz bu mövqedən çıxış edərək hesab edirlər ki, sağlam cavan və orta yaşlı insanlarda COVİD-19 xəstəliyinin ağır formada keçməsi onlarda genetik sistemin müəyyən xüsusiyyətləri, məsələn, spesifik mutasiyaların mövcudluğu ilə bağlı ola bilər və bu mutasiyalar özünü yalnız orqanizmin virus ilə rastlaşdığı hallarda büruzə verə bilər. Bu alimlərin fikrincə, digər infeksion xəstəliklər zamanı da oxşar vəziyyət müşahidə olunur, belə ki, genlərdəki fərqlilik və bununla əlaqədar orqanizmin immun cavabının müxtəlifliyi bir sıra yoluxucu xəstəliklərə, o cümlədən virusların da yaratdığı xəstəliklərə qarşı mübarizədə özünü büruzə verir və nəticədə xəstəliyin gedişini və nə ilə bitəcəyini həll edir. Başqa sözlə, insan orqanizminin hər hansı bir infeksiya, o cümlədən COVİD-19 ilə mübarizəsində son sözü immun sistemi deyir. Bu baxımdan immunologiya elminin və immun sistemin fəaliyyətinin fizioloji əsaslarını öyrənən immunofiziologiyanın koronavirusdan sonrakı biotibbin prioritetləri sırasında olacağı qaçılmazdır.

COVİD-19 ilə bağlı qlobal tibbi statistik məlumatların təhlili öz cavabını gözləyən daha bir paradoksal məqamı ortaya çıxarır: COVİD-19 xəstəliyi dünyanın əksəriyyət ölkələrində qeydə alınsa da, ölkələr arasında xəstəliyin gedişində və ölüm göstəricilərində ciddi fərqlər mövcuddur. Belə ki, bu xəstəlik Avropanın yüksək inkişaf etmiş tibbi sistemə malik olan aparıcı ölkələrində, ABŞ-da və Böyük Britaniyada özünü ən ağır dərəcədə göstərir. Məsələn, Ümumdünya Səhiyyə Təşkilatının COVİD-19 üzrə 6 iyun tarixli məlumatına görə, İspaniyada 1 milyon əhaliyə düşən ölüm hallarının sayı 580, Böyük Britaniyada - 593, İtaliyada - 559, Fransada - 446, Almaniyada - 105, Belçikada - 826, Portuqaliyada -144, Polşada - 30, Rumıniyada - 66, Danimarkada - 101, Çexiyada - 31, Xorvatiyada - 25, İsveçdə - 460, Belarusda - 27 olmuşdur. Məlum olduğu kimi, son iki ölkədə koronavirusla bağlı heç bir karantin tədbirləri tətbiq edilməmişdir, lakin onların tibbi statistik göstəricilərində kəskin fərq nəzərə çarpır. Eyni zamanda, yoluxma halının sayına görə ABŞ-dan sonra 2-ci yerdə olan Braziliyada bu rəqəm 165, 3-cü yerdə olan Rusiyada 38, 6-cı yerdə olan Hindistanda isə 5 olmuşdur.

Şübhəsiz, koronavirusla bağlı tibbi statistikanın ümumi mənzərəsi müxtəlif bioloji və qeyri-bioloji amillərin birgə təsirinin nəticəsidir və gələcəkdə bir çox elmi tədqiqatların və araşdırmaların hədəfi olacaqdır. Bununla belə, yuxarıda qeyd edilənləri nəzərə alsaq, burada ölkələrin əhalisinin immunofizioloji xüsusiyyətlərində və ya immunofizioloji profilində populyasiya fərqlərinin böyük rol oynadığı da istisna olunmur, çünki, hər hansı ölkənin əhalisini təşkil edən insan toplusu bioloji baxımdan müəyyən dərəcədə ümumi genofonda malik insan populyasiyası deməkdir və bu faktor artıq populyasiya səviyyəsində immun cavabın spesifikliyini müəyyənləşdirə bilən bir amildir. Beləliklə, həm fərdi, həm də populyasiya səviyyəsində immunofizioloji profilin qiymətləndirilməsinə yönəlmiş multidissiplinar tədqiqat layihələrinin hazırlanması və həyata keçirilməsi COVİD-19-dan sonrakı biotibb üçün əsas prioritetlərdən biridir.

AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu ölkəmizin digər müvafiq elmi mərkəzləri ilə sıx əməkdaşlıq əsasında bu cür elmi layihələrin işlənib hazırlanması və həyata keçirilməsi üçün kifayət dərəcədə nəzəri-texniki potensiala və təşkilati təcrübəyə malikdir. İnstitutda bu yaxınlarda immunofiziologiya və eksperimental transplantologiya laboratoriyası yaradılmışdır. Laboratoriyanın elmi istiqamətlərindən biri ölkənin yüksək uzunömürlülük indeksi ilə fərqlənən rayonlarında apardığımız tədqiqatlarda özünü təsdiqləmiş molekulyar tibb üsullarından istifadə etməklə insan immunitetinin yaş aspektlərini araşdırmaq və qiymətləndirməkdir. Qeyd olunmalıdır ki, bu tədqiqatlar Rusiya Elmlər Akademiyasının Herontologiya və Biotənzimləmə İnstitutu və Rusiya Səhiyyə Nazirliyinin Sankt-Peterburq Ftiziopulmonologiya Elmi-Tədqiqat İnstitutunun Molekulyar Biotibb Mərkəzi ilə birlikdə həyata keçirilir. Koronavirus pandemiyasının biotibb elminin qarşısında qoyduğu yeni məqsədlər çərçivəsində, İnstitutun biotibb yönümlü tədqiqatların aparılması üçün mövcud potensialını gücləndirmək və “orqanizm-ətraf mühit” sistemindəki qarşılıqlı əlaqələrin fundamental mexanizmlərini araşdıran laboratoriyaların elmi fəaliyyətinə həm texniki, həm də maliyyə dəstəyi vermək məqsədəuyğundur. Əminik ki, bu tədqiqatların nəticələri gələcəkdə hər hansı bir infeksion amilin, o cümlədən virusların törətdiyi epidemioloji proseslərin müxtəlif ssenarilərinin proqnozlaşdırması üçün zəruri olan məlumat bazasının yaradılmasına və bu amillərin toksiki təsirlərindən adekvat immunoloji müdafiəni təmin etmək qabiliyyətinə malik olan effektiv dərman preparatların yaradılmasına imkan verəcəkdir.

Ulduz HƏŞİMOVA, AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun direktoru, biologiya elmləri doktoru

"Respublika" qəzeti, 9 iyun 2020-ci il

  • Paylaş: