www.science.az
06.11.2014 00:00

Akademik İlyas Abdullayevin 100 illik yubileyi qeyd edildi

Bu gün AMEA Genetik Ehtiyatlar İnstitutunda görkəmli alim və ictimai xadim, AMEA-nın həqiqi üzvü İlyas Abdullayevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirildi.

AMEA Aqrar Elmlər Bölməsinin təşkilatçılığı ilə keçirilən tədbiri giriş sözü ilə açan AMEA-nın müxbir üzvü Novruz Quliyev görkəmli alimin şərəfli ömür yolundan, çoxşaxəli fəaliyyətindən, Azərbaycanda genetika və seleksiya elminin inkişafındakı misilsiz xidmətlərindən söhbət açdı.

Tədbirdə institutun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov “AMEA-nın həqiqi üzvü İlyas Abdullayevin elmi-təşkilati fəaliyyəti haqqında” mövzusunda məruzə ilə çıxış etdi. Bildirdi ki, Azərbaycanda tutçuluq elminin əsasını qoymuş, görkəmli alim, akademik İlyas Abdullayev 23 mart 1913-cü ildə Ağstafa şəhərində anadan olmuşdur. 1921-1926-cı illərdə Ağstafa beşillik dəmiryolu məktəbində, 1926-1930-cu illərdə Zaqatala kənd təsərrüfatı texnikumunda təhsil almışdır. 1931-34-cü illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda təhsil almış və paralel olaraq ipəkçilik kafedrasında laborant işləmişdir. 1939-cu ildə Gürcüstan Kənd Təsərrüfatı İnstitutunda “Mineral gübrələrin tutun məhsuldarlığına və yarpağın yemlik keyfiyyətinə təsiri” mövzusunda dissertasiya işini uğurla müdafiə etmiş və kənd təsərrüfatı elmləri namizədi alimlik dərəcəsi almışdır. 1935-ci ildə ilk dəfə Azərbaycan SSR-də tutun seleksiyası və sortsınağı üzrə elmi-tədqiqat işlərini təşkil edərək, ömrünün sonuna qədər bu işlərə rəhbərlik etmişdir.

Alim Azərbaycan SSR-in əsas ipəkçilik rayonlarına ekspedisiyalar təşkil etmiş, tut bitkisinin meyvəlik və yemlik istiqamətlərdə növ və sort tərkibini öyrənmişdir. Əldə etdiyi 400 perspektiv formanın ilkin qiymətləndirilməsindən sonra 115 forma daha üstün hesab edilmiş, artırılmış və Gəncədə ilk tut kolleksiyası yaradılmışdır. Onun rəhbərliyi ilə analitik və sintetik seleksiya metodlarından istifadə etməklə Azərbaycanın ilk seleksiya sortları Zərif-tut, Sıxgöz-tut, Azəri-tut, Emin-tut və b. yaradılaraq sınaqdan keçirilmiş və geniş şəkildə istehsalata yayılmışdır.

1955-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü seçilmiş, 1956-cı ildən ömrünün sonuna kimi Genetika və Seleksiya İnstitutunun “Çoxillik bitkilərin genetikası və seleksiyası” şöbəsinə rəhbərlik etmişdir.

Qeyd edildi ki, İ.Abdullayev tutun, üzümün, bağ çiyələyinin və qarağatın seleksiyasında klassik metodlarla yanaşı, genetik metodlardan da uğurla istifadə etmişdir. O, tutçuluqda fiziki və kimyəvi mutagenlərin tətbiqinə, eksperimental poliploidiya metodlarının işlənməsinə xüsusi əmək sərf etmiş, SSRİ miqyasında ilk dəfə bu məsələləri uğurla həll etmiş və mühüm elmi nailiyyətlər əldə etmişdir.

Alim tutun autopoliploidiyası və allopoliploidiyası üzrə əldə edilmiş nəticələri və eləcə də təbiətdə olan spontan poliploid formaların varlığını nəzərə alaraq tutun poliploidiya sırasını özündə əks etdirən cədvəl tərtib etmiş və çatışmayan formaların alınmasının nəzəri əsaslarını hazırlamışdır. O, dünya miqyasında ilk dəfə N.A.Cəfərovla birlikdə sərbəst tozlanma və eləcə də istiqamətli hibridləşdirmə yolu ilə 22 ploidli Xar-tut sortunun toxum nəslini almış və həmin formaları hibridləşdirməyə daxil etməklə poliploidiya sırasının çatışmayan formalarının alınmasını təmin etmişdir.

Sonra Gəncədə fəaliyyət göstərən İpəkçilik İnstitutunun şöbə müdiri, biologiya üzrə fəlsəfə doktoru Əlövsət Sadıqovun “Azərbaycanın ipəkçilik elminin inkişafında akademik İlyas Abdullayevin xidmətləri” mövzusunda məruzəsi dinlənildi. Ə.Sadıqov bildirdi ki, alim elmi nailiyyətlərin təbliğinə müstəsna əhəmiyyət vermiş və tutun, üzümün, bağ çiyələyinin, qara qarağatın genetikasına, seleksiyasına, aqrotexnikasına, biokimyasına, anatomiyasına, sitologiyasına və s. həsr edilmiş 300-ə yaxın elmi əsərin müəllifidir. Tutun, üzümün, bağ çiyələyinin, qara qarağatın seleksiyası, genetikası, sitologiyası, anatomiyası, biokimyası, sistematikası, toxumçuluğu və s. sahələrdə görkəmli nailiyyətlər qazanmışdır.

Tədbirdə çıxış edən BDU-nun Genetika və təkamül təlimi kafedrasının müdiri, professor Rauf Quliyev, İpəkçilik İnstitutunun direktor müavini, a.ü.f.d. Namiq Həsənov, biologiya üzrə elmlər doktoru Ellada Axundova və başqaları alimlə bağlı xatirələrini bölüşdülər, İ.Abdullayevi təkcə böyük alim deyil, həm də böyük insan kimi xarakterizə etdilər.

Sonda mərhum alimin ailəsi adından çıxış edən Ayxan Abdullayev babasının xatirəsinə göstərilən hörmət və ehtirama görə tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.