Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Azərbaycanın bitki sərvətləri və onların tibdə istifadəsi
19.05.2020 09:12
  • A-
  • A
  • A+

Azərbaycanın bitki sərvətləri və onların tibdə istifadəsi

Azərbaycan yeraltı və yerüstü təbii sərvətlərlə zəngin ölkədir. Bu baxımdan bərpa olunan bitki ehtiyatları rəngarəngliyinə, növ müxtəlifliyinə və əhəmiyyətinə görə seçilir. AMEA Botanika İnstitutunun elmi istiqamətləri sırasında bitki ehtiyatlarının öyrənilməsinə dair tədqiqatlar xüsusi yer tutur. Zamanın ən mühüm və aktual problemlərindən biri floranın mühafizəsi məqsədilə onun hərtərəfli (bioekoloji, kimyəvi, biokimyəvi, texnoloji, iqtisadi) öyrənilməsindən, bitkilərin yeni faydalı xassələrinin aşkar edilməsi ilə əldə olunmuş nəticələrin ölkə iqtisadiyyatının möhkəmləndirilməsinə, əhalinin güzəranının yaxşılaşdırılmasına, xüsusilə sağlamlığının qorunması və dayanıqlı ərzaq təminatına yönəltməkdən ibarətdir. AZƏRTAC xəbər verir ki, bu fikirlər AMEA Botanika İnstitutunun elmi işlər üzrə direktor müavini, biologiya elmləri doktoru, professor Eldar Novruzovun “Azərbaycanın təbii bitki sərvətləri və onların tibdə istifadəsi” məqaləsində yer alıb. 

Azərbaycanın təbii bitki sərvətlərinin planlı və hərtərəfli öyrənilməsinə XX əsrin 30-cu illərindən başlanılıb. Tədqiqatlar nəticəsində, floramızda rast gəlinən 4500 növdən 1548-nin dərman, 800-nün efiryağlı, 600-nün balverən, 400-nün vitaminli, 1000 növdən çoxunun yeyinti və texniki rəngləyici, 187 növün yağlı, 300 növün aşılayıcı bitki olması müəyyən edilib.

Son onilliklərdə elm və texnikanın sürətli inkişafı, təbii proseslərin güclənməsi ətraf mühitdə ekoloji tarazlığın pozulmasına, atmosferin və litosferin mutagen, kanserogen və digər maddələrlə çirklənməsinə gətirib çıxarıb. Ərzaq məhsullarının istehsalı və saxlanmasında müxtəlif konservantlardan istifadə edilməsi, məişətimizə daxil olan radio və maqnit şüalandırıcı aparatların təsiri nəticəsində ürək-damar, əsəb, həzm sistemləri, xərçəng xəstəlikləri və xüsusən birbaşa ətraf mühitin çirklənməsi ilə əlaqədar olan allergik və mutagen xəstəliklərin miqdarı artaraq qlobal xarakter alıb.

Farmakoloji və kliniki tədqiqatlar əsasında müəyyən edilib ki, bu xəstəliklərin baş verməsinin qarşısının alınması və müalicəsində bitkilərin tərkibində olan bioloji fəal maddələr (BFM) zərərsiz və etibarlı vasitədir. Hazırda ürək-damar, əsəb, həzm sistemi xəstəliklərinin qarşısının alınmasında və müalicəsində istifadə olunan dərman vasitələrinin 60-70 faizi bitki mənşəli BFM–dən istehsal edilir.

Bitki mənşəli preparatların müalicəvi təsirinin səbəbi onların əsas təsiredici maddəsi olan müxtəlif təbiətli və quruluşlu BFM-dir. Bitkilər aləmində geniş yayılmış polisaxaridlər, polifenollar, flavonoid, antosian, karotinoid, alkaloid, müxtəlif komponentli efir yağları, kumarinlər, sterinlər, fenollar və s. bitkilərdə sintez olunan ekzogen (orqanizmə qida və dərman vasitələri ilə daxil olan) və essensial (orqanizmdə sintez olunmayan) BFM-dir.

Azərbaycan florasında yayılmış bitkilərin sistematik, kimyəvi, biokimyəvi, texnoloji tədqiqi nəticəsində 600 növdən çox alkoloid, 435 növ flavonoid, 465 növ karotinoid, 160 növ antosian, 35 növ qlikoalkoloid, 110 növ saponin, 60 növ kitrə (polisaxarid), 180 növ polifenol, 120 növ kumarin saxlayan bitki aşkar edilib.

Müasir fiziki-kimyəvi, spektral, xromatoqrafik metodlardan istifadə edilərək bitkilərdən 18 alkaloid, 48 flavonoid, 68 karotinoid, 35 antosian, 22 saponin, 5 steroid, 12 qlikoalkaloid, 70-dən çox kumarin, furokumarin fərdi halda alınıb, onların quruluşları, kimyəvi xassələri, bəzilərinin bioloji fəallığı və istifadə sahəsi müəyyən edilib. Habelə 10-dan çox kumarin, seskviterpen laktonun quruluşu ilk dəfə müəyyənləşdirilib, elm üçün yeniliyi və yüzlərlə maddələrin bitki üçün yeni olması üzə çıxarılıb.

Flavonoidlər bitkilər aləmində geniş yayılmış ikinci mənşəli metabolitlərdən olub, müxtəlif funksiyalar, xüsusən bitkilərdə oksidləşmə-reduksiya proseslərində iştirak edən fermentlərin fəallığının nizamlanmasında və bəzilərinin fəaliyyətinin inhibirləşdirilməsində, bitkilərin göbələk və həşaratlardan qorunmasında, çiçəklərdə tozlanma prosesinin tənzimlənməsində yaxından iştirak edir. Bunlar insan orqanizmi üçün vacib maddələrdir. Eksperimental və klinik araşdırmalarla flavonoidlərin antioksidant, antimutagen, sitoprotektor, antikanserogen, antihepatit, antidepressant, immunomodulyator, antibakterial, antivirus, antiallergen və digər farmakoloji təsirləri aşkarlanıb.

Bitkilər aləmində tez-tez rast gəlinən və 50-dən çox flavonoid qlikozidlərinin aqlikonu olan kversetinin insan orqanizmində bir çox fermentativ və biokimyəvi proseslərin aparılmasında geniş spektr farmakoloji təsiri buna nümunə ola bilər. Bu, fermentlərin fəaliyyətini inhibirləşdirir (dayandırır), orqanizmdə limfosid sitotoksinlərin əmələgəlməsini dayandırır, allergik xəstəliklərdə əsas amil olan histaminin, bütün xəstəliklərin əmələ gəlməsinin əsas səbəbkarı olan sərbəst radikalların, hidrogen-peroksidin əmələ gəlməsinin qarşısını alır. Flavonoidlər aktiv kanserogenlərlə kimyəvi əlaqəyə girərək kanserogenez prosesini dayandırır, kanserogenlərin hüceyrədə DNT, RNT və zülalların zədələnməsinə təsirini minimuma endirir və bununla da xərçəng xəstəliyinin əmələ gəlməsinin qarşısını alır.

Son məlumatlara görə, bitkilərdən 10000-ə yaxın fərdi flavonoid alınıb. Onlardan 10-15 faizinin farmakoloji xüsusiyyətləri öyrənilib. Tibbi təcrübədə fərdi flavonoid saxlayan dərman vasitələri azdır (rutun, kversetin, naringin, hesperedin və s.). Hazırda geniş tətbiq edilən əksər antiprotektor, antikanserogen, antisklerotik, antioksidant, kardiotonik, sedativ və s. preparatlar məhz müxtəlif bitkilərin flavonoid cəmindən hazırlanır.

Azərbaycan florasında tapılmış müvafiq bitkilərin tərkibində flavonoidlərin miqdarı 134.8-521.3 mq/faiz arasında dəyişir. Onlardan 100 növdən çoxu tərkibində farmakopeyanın tələblərinə cavab verən miqdarda flavonoid saxlayır. Öyrənilmiş bitkilərin arealı, ehtiyatı, tərkibindəki flavonoidin miqdarı bu bitkilərdən gələcəkdə müxtəlif müalicəvi təsirə malik dərman vasitələri və qida əlavələri almaq üçün xammal mənbəyi kimi istifadə etməyin perspektivli olmasını göstərir. Hazırda bütün dünyada geniş yayılmış COVID-19 pandemiyası ilə mübarizə üçün tərkibində yüksək antivirus, antioksidant, antidepressant, immunomodulyator təsirə malik bitki mənşəli dərman vasitələrinin və qida əlavələrinin istehsalı olduqca aktualdır. Respublikamızda bu işin təşkili həm insanların sağlamlığının qorunması, həm də təbii bitki sərvətlərindən səmərəli istifadə etmək baxımından olduqca əhəmiyyətlidir.

  • Paylaş: