www.science.az
19.05.2020 10:40

Coğrafiya İnstitutu və Təbriz Universitetinin alimləri arasında onlayn görüş keçirilib

AMEA-nın akademik H.Əliyev adına Coğrafiya İnstitutu ilə İranın Təbriz Universiteti arasında bağlanmış əməkdaşlıq memorandumuna əsasən onlayn görüş keçirilib.

Tanışlıq məqsədi daşıyan görüşdə tərəflər qarşılıqlı olaraq elmi müəssisələrin tarixi, son illərdə qazandığı nailiyyətlər, perspektivlər, eləcə də dünyada hökm sürən yeni növ koronavirus epidemiyası ilə əlaqədar elan edilmiş karantin rejimi dövründə əməkdaşların fəaliyyətinin mövcud şəraitə uyğunlaşdırılması barədə danışıblar.

Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov rəhbərlik etdiyi qurumun prioritet istiqamətləri haqqında məlumat verərək bildirib ki, qlobal iqlim dəyişmələri, su çatışmazlığı, ərazilərdə təbii-təsərrüfat sistemlərinin təşkili və idarə olunması, ətraf mühitin mühafizəsi, ekologiya, landşaft planlaşdırılması, CİS texnologiyalarının tətbiqi, Xəzər dənizinin tədqiqi və s. institutun əsas tədqiqat mövzularıdır.

İnstitutun dövlət proqramlarının hazırlanması və icrasında rolundan bəhs edən direktor müəssisə əməkdaşlarının bu yaxınlarda hazırladıqları Azərbaycanın iri miqyaslı rəqəmsal ekoloji risklər xəritəsi və sutka ərzində azı bir dəfə yenilənən dünya ölkələri, o cümlədən Azərbaycan üzrə pandemiya haqqında məlumatların əks olunduğu “COVID-19: Azərbaycanın real zamanlı monitorinq sistemi”nin tətbiqi barədə söz açıb.

Sonra Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, c.ü.f.d., dosent Məhərrəm Həsənov Azərbaycanda iqlim və aqroiqlim sahəsindəki tədqiqatlardan, iqlim dəyişmələrinin kənd təsərrüfatına təsirindən danışıb.

İqlim dəyişmələri, coğrafi informasiya sistemləri, landşaft planlaşdırılması, ətraf mühitin mühafizəsi və s. məsələlərin Təbriz  Universitetində geniş tədqiq edildiyini qeyd edən iranlı alimlər bu sahədə əldə etdikləri nailiyyətləri diqqətə çatdırıblar. Bildirilib ki, İranın ikinci ən böyük təhsil müəssisəsi olan Təbriz Universitetində tələbələr üçün hər cür şərait yaradılıb. Onlar təhsil almaqla yanaşı, elmlə kommersiyanı birləşdirərək elmi tədqiqatlarını inkişaf etdirirlər.

Akademik R.Məmmədov və Təbriz Universitetinin Planlaşdırma və ətraf mühit departamentinin rəhbəri, professor Behruz Sari Sarraf yaxın günlərdə konkret mövzu üzrə onlayn şəkildə keçiriləcək müştərək elmi seminarın qarşılıqlı əlaqələrin inkişafı istiqamətində müsbət nəticələr verəcəyini qeyd ediblər. 

Tədbirin AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin postpandemiya dövründə Azərbaycan elminin qarşısında duran vəzifələrlə bağlı fəaliyyət planına uyğun olaraq, iqlim dəyişiklərinin yaratdığı fəsadların öyrənilməsi mövzusuna həsr edilməsi hər iki müəssisə tərəfindən razılıqla qəbul edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.