www.science.az
14.11.2013 00:00

AMEA-nın müxbir üzvü Teymur Kərimlinin 60 illik yubileyi qeyd olundu

AMEA-nın Əsas binasında Nizami adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə tanınmış ədəbiyyatşünas alim, naşir, mətnşünas, şərqşünas, şair və tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikası Dövlət Mükafatı Laureatı, Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professorTeymur Kərimlinin 60 illik yubileyinə həsr edilmiş tədbir keçirildi.

Öncə foyedə AMEAMərkəzi Elmi Kitabxanası tərəfindən təşkil olunmuş T.Kərimlinin həyat və fəaliyyətini əks etdirən sərgi nümayiş etdirildi.

Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli görkəmli alimin şərəfli ömür yolundan, zəngin elmi yaradıcılığından geniş söhbət açdı. O bildirdi ki, AMEA Rəyasət Heyəti tərəfindən T.Kərimlinin məhsuldar elmi və elmi-təşkilati fəaliyyəti, Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə AMEA-nın Fəxri Fərmanı ilə təltif edilməsinə dair qərar qəbul olunub.

İ.Həbibbəyli görkəmli alimi “Klassik ədəbiyyatın yorulmaz tədqiqatçısı” adlandırdı, qədim və orta əsrlər ədəbiyyatımızın mahir tədqiqatçısı, mətnşünas, bacarıqlı tərcüməçi, dəyərli ədəbi-bədii, elmi külliyyatların tərtibçisi, redaktoru, humanitar elmin təşkilatçısı kimi səciyyələndirdi.

“Teymur Kərimlinin elmi-ədəbi fəaliyyəti” mövzusunda məruzə ilə çıxış edən Ədəbiyyat İnstitutunun

“Xarici ölkələr ədəbiyyatı və ədəbi əlaqələr"

şöbəsinin müdiri, professor Vaqif Arzumanlı Teymur Kərimlinin Azərbaycan ədəbiyyatşünaslıq elminin görkəmli və məhsuldar nümayəndələrindən biri olduğunu qeyd etdi. O bildirdi ki, 1953-cü ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Nürgüd kəndində dünyaya göz açmış T.Kərimli orta məktəbi qızıl medalla bitirmiş, indiki Bakı Dövlət Universitetinin filologiya fakültəsində təhsil almışdır. Fərqlənmə diplomu qazanaraq, Kəlbəcər rayonunda iki il orta məktəb müəllimi kimi fəaliyyət göstərmişdir. 1983-cü ildə “Nizamidə tarixin romantik qavrayışı (“Yeddi gözəl” poeması üzrə)” mövzusunda namizədlik dissertasiyası, 2004-cü ildə isə “Nizami yaradıcılığında tarixi şəxsiyyət və tarixi hadisə ideya-estetik qayənin konteksti və yardımçısı kimi” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 2007-ci ildən AMEA-nın müxbir üzvü seçilən alim 2010-cu ildə “Heydər Əliyev və klassik ədəbiyyat” araşdırmasına görə Azərbaycan Respublikasının Dövlət Mükafatı lureatı olmuşdur.

Alimin ömrünün 30 ildən çoxunu Ədəbiyyat İnstitutuna bağladığını söyləyən V.Arzumanlı onun uzun illər institutun “Orta əsrlər Azərbaycan ədəbiyyatı” şöbəsinə rəhbərlik etdiyini, 2002-ci ildən isə Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsində çalışdığını bildirdi.

Bildirildi ki, T.Kərimli, həmçinin “Elm” nəşriyyatının baş redaktoru işləmiş, bir sıra elmi jurnal və topluların redaksiya heyətinin üzvü, xeyli sayda monoqrafiyanın elmi redaktoru, altıcildlik “Azərbaycan Ədəbiyyatı tarixi”-nin bəzi cildlərinin məsul redaktoru, “Molla Nəsrəddin” və “Füyuzat” jurnallarının kitab şəklində nəşrlərinin redaktoru olmuşdur. Nizami adına Ədəbiyyat İnstitutunda direktor vəzifəsini icra edən T.Kərimli klassik ədəbiyyatımızın istedadlı araşdırıcısı və bacarıqlı təbliğatçısıdır.

Alimin elmi və bədii fəaliyyətindən danışan BDU-nun İlahiyyat fakültəsinin dekanı, Ərəb filologiyası kafedrasının müdiri, akademik Vasim Məmmədəliyev, AMEA Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvü Kamal Abdullayev,Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, AMEA-nın müxbir üzvü Rafael Hüseynov, millət vəkili, filologiya üzrə elmlər doktoru Jalə Əliyeva, Folklor İnstitutunun direktoru, filologiya üzrə elmlər doktoru Muxtar İmanov, Azərbaycan Yazıçılar Birliyinin katibi, filologiya üzrə fəlsəfə doktoru Arif Əmrahoğlu və başqaları yubilyarı 60 illik yubileyi münasibətilə təbrik etdilər. Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərindən, şərəfli ömür yolundan söz açdılar, onun nəcib insani keyfiyyətlərə malik ziyalı olduğunu bildirdilər, alimlə bağlı xoş xatirələrini bölüşdülər.

Sonda çıxış edən AMEA-nın müxbir üzvü Teymur Kərimli ona göstərilən diqqət və qayğıya görə tədbirin təşkilatçıları və iştirakçılarına təşəkkürünü bildirdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.