www.science.az
15.05.2020 16:25

Tarix Muzeyi Beynəlxalq Muzeylər Günü münasibətilə onlayn tanıtım layihəsi hazırlayıb

Bu il Beynəlxalq Muzeylər Günü ölkəmizdə fəaliyyət göstərən muzeylər tərəfindən xüsusi karantin rejimi nəzərə alınaraq, onlayn formatda silsilə təqdimat və tədbirlərlə qeyd ediləcək.

Beynəlxalq Muzeylər Günü AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyi tərəfindən də keçiriləcək. Muzey bu münasibətlə “Bir toxunuş, min dəyər" onlayn tanıtım layihəsi hazırlayıb.

Layihə çərçivəsində mayın 18-i saat 10:20-də muzeyin Etnoqrafiya elmi fondunun müdiri, tarix üzrə fəlsəfə doktoru Sevinc Nəsirova İctimai TV-nin “Dikdaban” verilişində mədəni irsin qorunması və muzeylərin gələcək birgə fəaliyyəti barədə ictimaiyyətə məlumat verəcək.

Qeyd edək ki, Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə təsis olunmuş Beynəlxalq Muzeylər Günü hər il mayın 18-də dünyada müəyyən bir deviz altında qeyd olunur. Bu il Beynəlxalq Muzeylər Gününün devizi “Muzeylər bərabərlik üçün: müxtəliflik və inklüzivlik”dir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.