Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi şurasının onlayn iclası keçirilib
14.05.2020 16:08
  • A-
  • A
  • A+

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi şurasının onlayn iclası keçirilib

Mayın 14-də AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun (MBBİ) Elmi şurasının onlayn iclası keçirilib.

AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik İradə Hüseynovanın sədrliyi ilə baş tutan iclasda pandemiya və postpandemiya dövründə həyata keçirilən bir sıra məsələlər müzakirə edilib.

İradə Hüseynova bildirib ki, hazırda dünyanı bürümüş koronavirus pandemiyasının yarada biləcəyi təhlükələrin qarşısının alınması, əhalinin sosial müdafiəsinin təşkili, iqtisadi aktivliyin təmin olunması istiqamətində Azərbaycan dövləti tərəfindən zəruri tədbirlər həyata keçirilir.

Onun sözlərinə görə, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin “Azərbaycan Respublikası ərazisində xüsusi karantin rejiminin uzadılması ilə əlaqədar AMEA əməkdaşlarının işə davamiyyətinin tənzimlənməsi haqqında” 4 may 2020-ci il tarixli Sərəncamına əsasən institutda işçilərin fəaliyyəti qismən bərpa olunub. Yaşı 65-dən aşağı olan, gündəlik işə çıxmaları vacib əməkdaşların sayı müəyyənləşdirilərək, onların adları “icaze.e-gov.az” portalına yerləşdirilib.

Pandemiya dövründə MBBİ-nin əməkdaşlarının fəaliyyəti, yerinə yetirdikləri işlər barədə məlumat verən akademik İ.Hüseynova elmi müəssisə tərəfindən koronavirus və post-koronavirus dövründə görüləcək tədqiqat işləri ilə bağlı təkliflərin hazırlanaraq Biologiya və Tibb Elmləri Bölməsinə təqdim olunduğunu diqqətə çatdırıb. O, COVID-19 virusuna qarşı vaksin hazırlanması prosesinə dünyada tanınmış mütəxəssislərlə yanaşı, hazırda xaricdə fəaliyyət göstərən alimlərimiz – AMEA-nın müxbir üzvü Tərlan Məmmədov və professor Vidadi Yusibovun da cəlb olunmasını qürurverici hal kimi dəyərləndirib.

İclasa onlayn qoşulan institutun beynəlxalq statuslu Molekulyar biomühəndislik laboratoriyasının müdiri, Türkiyənin Akdeniz Universitetinin professoru, AMEA-nın müxbir üzvü Tərlan Məmmədov rəhbərlik etdiyi qrup tərəfindən yeni koronavirusa qarşı effektiv vaksinin hazırlanması istiqamətində görülən işlər barədə məlumat verib. Bildirib ki, əldə olunan nəticələr əsasında patent almaq üçün 30 aprel 2020-ci il tarixində ABŞ-ın Patent və Ticarət Ofisinə müraciət olunub.

Tədbirdə AMEA-nın müxbir üzvləri Novruz Quliyev və İlham Şahmuradov çıxış edərək Azərbaycanda koronavirusa yoluxmanın nəzarətdə saxlanılması və onun qarşısının alınması istiqamətində ölkə rəhbərliyi tərəfindən kompleks qabaqlayıcı tədbirlərin həyata keçirildiyini və bunun müsbət nəticələr verdiyini vurğulayıblar.

Daha sonra MBBİ-nin Təhsil şöbəsinin müdiri, b.ü.f.d., dos. Samirə Rüstəmova bu il magistraturanı bitirən magistrantların dissertasiya işlərinin hazırlıq vəziyyəti barədə məlumat verib.

İclasda digər təşkilati məsələlər də müzakirə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: