Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA-da koronavirusun genom verilənlərinin sürətli analizi məqsədilə yeni bioinformatik proqram hazırlanıb
12.05.2020 12:56
  • A-
  • A
  • A+

AMEA-da koronavirusun genom verilənlərinin sürətli analizi məqsədilə yeni bioinformatik proqram hazırlanıb

Dünya ölkələrində beynəlxalq və yerli fondların, eləcə də tanınmış təşkilatların təşəbbüsü və maliyyə yardımları nəticəsində çoxlu sayda müsabiqələr elan olunub, qısa müddət ərzində COVID-19 xəstəliyi üzrə müxtəlif istiqamətlərdə elmi-tədqiqat işlərinə başlanılıb və böyük verilənlər bazası yaradılıb.

AMEA-nın Genetik Ehtiyatlar İnstitutunda dünyada aparılan tədqiqatlar yaxından izlənilməklə bir sıra araşdırmalara başlanılıb və mühüm nəticələr əldə olunub. İnstitutun Biotexnologiya şöbəsinin və Beynəlxalq kompüter genomikası laboratoriyasının əməkdaşlarının məqsədyönlü fəaliyyəti nəticəsində koronavirusun minlərlə ştammının genom məlumatlarının sürətli analizi üçün yeni bioinformatik proqramı hazırlanıb və ondan istifadə etməklə 77 ölkəni əhatə edən 17983 ədəd SARS-CoV-2 genomunun müqayisəli təhlili həyata keçirilib.

Müxtəlif ölkələrin genom verilənləri referens genomla, eləcə də öz aralarında müqayisəli analiz edilib, onların variasiya tipləri (TNP, insersiya, delesiya, indel), təsir gücü, mutasiyanın baş verdiyi regionlar, əvəzolunmalar, mutasiyaya uğrayan genlər, kodonlar, amin turşuları, həmçinin mutasiyanın aşkar olunduğu ştamların sayı müəyyən edilib.

Bundan əlavə, Azərbaycanda ilk dəfə olaraq böyük genom verilənlərinin çoxistiqamətli analizi nəticəsində əldə edilən nəticələrin asan istifadəsini təmin etmək məqsədilə yeni veb-səhifə (ncov.bioset.org) yaradılaraq tədqiqatçıların ixtiyarına verilib. Veb-səhifə virusun genomunda baş verən mutasiyaların mənşəyi və izlənilməsi, eləcə də yeni genomlarla müqayisəli analizi üçün əhəmiyyətli baza rolunu oynaya bilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: