Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycanlı alimlər onlayn beynəlxalq konfransda məruzə ediblər
11.05.2020 12:11
  • A-
  • A
  • A+

Azərbaycanlı alimlər onlayn beynəlxalq konfransda məruzə ediblər

AMEA-nın Folklor İnstitutunun Dədə Qorqud şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Ramazan Qafarlı və Qafqazşünaslıq İnstitutunun Ermənişünaslıq şöbəsinin müdiri, tarix elmləri doktoru Qasım Hacıyev Türkiyənin İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutunun (IKSAD) təşkil etdiyi növbəti onlayn elmi konfransda məruzə ilə çıxış ediblər.

Konfransda Q.Hacıyevin “Cənubi Qafqaz xalqlarına, türklərə qarşı erməni terroru, soyqırımları və Cənubi Qafqazda erməni hərəkatı” adlı məruzəsi dinlənilib. R.Qafarlı “Türk dastanlarının dünya mədəniyyətinin inkişafında rolu və əhəmiyyəti” mövzusunda məruzəsində dünya xalqlarının epik düşüncəsinin formalaşmasında 3 min illik tarixi yol keçən Azərbaycan-türk dastanlarının rolunu göstərib. “Ərgənəqon”, “Oğuz xaqan”, “Dədə Qorqud”, “Koroğlu”, “Əsli və Kərəm” dastanlarının spesifik xüsusiyyətlərindən danışıb, dünya xalqlarının “İliada”, “Odisseya”, “Mahabharata”, “Ramayana”, “Beovulf”, “Robin Qud”, “Kalavela”, “İqor polku haqqında nəğmə” kimi epik əsərləri ilə qədim türk dastanlarının müqayisəsini apararaq, onların oxşar və fərqli xüsusiyyətlərini göstərib.

Xatırladaq ki, IKSAD-ın təşkil etdiyi silsilə elmi konfranslar 10 gündür davam edir. Onlayn konfransda hər gün bir türk dövlətinin nümayəndəsinin, aliminin aktual mövzularda elmi məruzəsi dinlənilir və geniş müzakirə olunur. Konfransda indiyədək Türkiyə, Orta Asiya ölkələri və Azərbaycandan ümumilikdə 10 alimin məruzəsi dinlənilib. Beynəlxalq konfrans görkəmli alim Həsən Çiftçinin moderatorluğu ilə hər axşam 40-70 nəfərin iştirakı ilə saat yarım canlı olaraq davam edir.

Məruzələr sonra sosial şəbəkədə video şəklində yerləşdirilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: