Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Memarlıq və İncəsənət İnstitutun fəaliyyəti mövcud tələblərə uyğun bərpa edilib
09.05.2020 11:14
  • A-
  • A
  • A+

Memarlıq və İncəsənət İnstitutun fəaliyyəti mövcud tələblərə uyğun bərpa edilib

Respublikamızda COVID-19 pandemiyasının geniş yayılmasının qarısının alınması məqsədilə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar AMEA-nın Memarlıq və İncəsənət İnstitutu öz fəaliyyətini onlayn olaraq davam etdirir. İnstitutun əməkdaşları sosial izolyasiya tələblərinə riayət etməklə elmi-tədqiqat işləri aparır, məqalələr üzərində işləyirlər. Cari ilin birinci yarısında institut əməkdaşları tərəfindən impakt faktor indeksli jurnallarda bir neçə məqalə dərc olunub.

Həmçinin institut tərəfindən nəşr olunan “İncəsənət və mədəniyyət problemləri” beynəlxalq elmi jurnalının 71-ci nömrəsi işıq üzü görüb. Bu nömrədə əsasən 2 dekabr 2019-cu il tarixində keçirilmiş “İncəsənətdə Nəsimi obrazı” beynəlxalq elmi konfransının materialları çap olunub. Nəşrdə xarici ölkələrdən olan müəlliflərin “Özbəkistanla Azərbaycan arasında incəsənət və mədəniyyət sahəsində qarşılıqlı əlaqələr”, Qazaxıstan təsviri sənətinin milli eyniyyət kontekstində Abay obrazı” adlı məqalələri dərc olunub. Eyni zamanda, jurnalda institut əməkdaşlarının heykəltəraşlıq, kitab qrafikası, teatr və digər sənət növlərində Nəsimi obrazının təcəssümü mövzusunu əhatə edən məqalələri yer alıb.

Hazırda “İncəsənət və mədəniyyət problemləri” beynəlxalq elmi jurnalının 72-ci nömrəsi çapa hazırlanır. Xüsusi karantin rejimi ilə əlaqədar yeni nömrənin materialları onlayn rejimdə toplanaraq nəşrə təqdim edilib. Bu sayda da yerli müəlliflərlə yanaşı, xarici ölkə mütəxəssislərinin məqalələrinin nəşri nəzərdə tutulub.

7 may 2020-ci il tarixində AMEA-nın təşkilatçılığı ilə “Heydər Əliyevin dövlətçilik təlimi və müasir dövr” mövzusunda keçirilən beynəlxalq videokonfransda institutun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə “Heydər Əliyevin obrazı xalçaçılıq sənətində” mövzusunda məruzə ilə çıxış edib.

Bununla yanaşı, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin “Azərbaycan Respublikası ərazisində xüsusi karantin rejiminin uzadılması ilə əlaqədar AMEA əməkdaşlarının işə davamiyyətinin tənzimlənməsi haqqında” 2020-ci 4 may tarixli Sərəncamına əsasən institutun fəaliyyəti qismən bərpa edilib. Bu, qurumun fəaliyyətinin daha da aktivləşməsinə imkan yaradıb. Sosial izolyasiya tədbirlərinə riayət edilməklə institutun cari dövr üçün fəaliyyət prioritetləri bir daha nəzərdən keçirilib, qarşıda duran vəzifələr müəyyənləşdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: