Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Mifoloji düşüncə xalqların ortaq dəyərinin göstəricisidir
08.05.2020 12:06
  • A-
  • A
  • A+

Mifoloji düşüncə xalqların ortaq dəyərinin göstəricisidir

AMEA-nın Folklor İnstitutunun Folklor və yazılı ədəbiyyat şöbəsinin onlayn rejimdə növbəti elmi-nəzəri seminarı keçirilib. Tədbirdə mifoloji düşüncənin müxtəlif xalqların ortaq mənəvi dəyərinin göstəricisi olması məsələləri müzakirə edilib.

Şöbə müdiri, AMEA-nın müxbir üzvü Kamran Əliyev xalqlar arasında ortaq dəyərlərin müəyyənləşdirilməsinin aktuallığından danışıb, mifoloji düşüncənin təsiri altında yaranan ədəbi əsərlərin insanları bir-birinə daha da yaxınlaşdırdığını qeyd edib. Həmçinin ortaq dəyərlərin geniş təbliğinin pandemiya dövründə dostluq, mehribanlıq, təmənnasızlıq hislərinin qorunub-saxlanılmasının əsas şərtlərindən biri olduğu nəzərə çatdırılıb.

Müzakirə edilən problemlə əlaqədar şöbənin doktorantı Aytac Abbasova “Azərbaycan və qırğız nəsrində yuxugörmə motivi” mövzusunda məruzə ilə çıxış edib. O, hər iki xalqın nəsr yaradıcılığı ilə məşğul olan nümayəndələrinin əsərlərindən gətirilən faktlar əsasında yuxunun həyatla əlaqəli olduğunu, güc mənbəyi kimi çıxış etdiyini, qəhrəmanların gələcək talelərini müəyyənləşdirdiyini, hətta tarixin gedişatını proqnozlaşdıra bildiyini vurğulayıb.

Şöbə əməkdaşlarının sual və çıxışları vasitəsilə məruzənin xalqlar arasındakı ortaq dəyərləri aşkarlamasındakı əhəmiyyəti daha da aydınlaşıb, yuxugörmənin əski inanclarla, xüsusilə şamanlıqla bağlılığı və həqiqətlərin aşkarlanmasına doğru istiqamətlənməsi barədə fikirlər təqdir edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: