Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Numizmat-alim Yevgeni Paxomovun vəfatından 55 il ötür
06.05.2020 11:51
  • A-
  • A
  • A+

Numizmat-alim Yevgeni Paxomovun vəfatından 55 il ötür

Qafqaşünas-alim, Azərbaycan numizmatikasının banisi, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, professor Yevgeni Paxomovun vəfatından 55 il ötür.

Yevgeni Paxomov 25 fevral 1880-ci ildə Qafqaz Stavropolu (indiki Stavropol) şəhərində anadan olmuşdur. Sonradan ailəsi ilə Gürcüstana köçmüş, orta təhsilini Tiflis şəhərində, ali təhsilini isə Sankt-Peterburq Arxeologiya İnstitutu və Texnoloji İnstitutunda almışdır.

Alimin 1902-1916-cı illərdə Cənubi Qafqaz Aksiz İdarəsində mühəndis-texnoloq vəzifəsində fəaliyyət göstərməsi onun numizmatika elmi üzrə təcrübə toplamasında və peşəkar mütəxəssis kimi formalaşmasında mühüm rol oynamışdır. Məhz bu dövrdə o, Cənubi Qafqazın müxtəlif guşələrinə ezam olunaraq qədim abidələri tədqiq etmiş, xüsusən də Tiflis şəhərindəki Qafqaz Muzeyi ilə fəal əməkdaşlıq etmişdir.

Avropa dilləri ilə yanaşı, gürcü, erməni, ərəb, fars və türk dillərini bilən Y.Paxomov paleoqrafiya, mənbəəşünaslıq, iqtisadiyyat tarixi, tarixi coğrafiya və topoqrafiya, həmçinin xüsusi metodik bacarıqlara istinadən işlədiyi əsərlərində bir sıra muzeylərdə və şəxsi kolleksiyalarda qorunan sikkələri tədqiq etmişdir.

O, 1919-cu ildə Bakı şəhərinə köçərək ömrünün sonunadək Azərbaycan Tarixi Muzeyi və Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti, BDU) elmi-pedaqoji fəaliyyət göstərmişdir.

İlk dəfə BDU-da Numizmatik kabinə yaradan alim Elmi şurasının üzvü olmuş və “Azərbaycan tarixi”, “Şərq numizmatikası və arxeologiyası” kursları üzrə mühazirələr demişdir.

Y.Paxomov 1922-1954-cü illərdə BDU-nun Arxeologiya və numizmatika kafedrasının müdiri vəzifəsində çalışmış, 1941-ci ildə dosent, 1947-ci ildə professor adına layiq görülmüşdür.

Alim 1946-cı ildə “Şərəf” nişanına, 1955-ci ildə “Azərbaycan SSR Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür. O, 1962-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir.

Y.Paxomov çoxsaylı arxeoloji ekspedisiyalarda (Gəncə, Mingəçevir, Mil düzü, Beyləqan) iştirak edərək Qafqaz numizmatikasına aid 100-ə yaxın məqalə, tezis və digər elmi əsərlərində regionun pəhləvi və ərəb qrafikalı epiqrafikasının, orta əsrlərə aid memarlıq və arxeoloji abidələrinin ilkin tədqiqatçısı olmuşdur. O, Moskva və Leninqrad muzeylərinə ezam edilərək “Azərbaycanşünaslıq materialları” toplamışdır.

1933-1965-ci illərdə SSRİ Elmər Akademiyasının (EA) Azərbaycan filialının üzvü olan alim sonralar EA-nın Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutunun həqiqi üzvü seçilmiş, “Azərbaycan sikkələri” toplularını nəşr etdirmişdir.

1960 və 1965-ci illərdə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin qərarı ilə Fəxri fərmanlara layiq görülmüşdür. Y.Paxomovun əsərlərində Cənubi Qafqazın tarixi və tarixi coğrafiyasının pəhləvi və ərəb qrafikalı arxeoloji obyektləri, o cümlədən Azərbaycanın Abşeron, Bərdə, Naxçıvan Muxtar Respublikasının tarix-memarlıq abidələri tədqiq edilmişdir.

Azərbaycan abidələrinin ilkin araşdırmacısı olmuş Y.Paxomov 1920-ci ildən Azərbaycan Tarixi Muzeyində ekspozisiyanın təşkili və təbliğində iştirak edərək Numizmatika Fondunun yaradılması və sikkə vahidlərinin artırılmasında əvəzsiz xidmətlər göstərmişdir.

O, 1922-ci ildə muzeyin Tarix və Etnoqrafiya şöbəsinin müdiri, sonralar isə Numizmatika Fondunun müdiri təyin edilmiş, muzeydəki numizmatik kolleksiyanın sayını artırmışdır.

Numizmatik-alimin şəxsi əlyazmaları olan sənədlər, sikkə məlumatlarının qeyd edildiyi vərəqələr və digər mühüm materiallar hazırda Milli Azərbaycan Tarixi Muzeyinin fondlarında qorunur. Muzeyin foyesində alimin fotosu nümayiş etdirilir.

Y.Paxomov universitetdə çalışdığı illərdə Şərqşünaslıq fakültəsinin tələbəsi olan Əli Rəcəblinin diplom işini yüksək qiymətləndirərək onu Tarix Muzeyinə dəvət etmişdir. 1963-cü ildə onun rəhbərliyi ilə numizmatika elmi üzrə namizədlik işini müdafiə edən Əli Rəcəbli müəlliminin yolunu layiqincə davam etdirir, Azərbaycan numizmatikasının tədqiqi və təbliğinə layiqli töhfələr verir.

80-dən artıq əsərin müəllifi olan Yevgeni Paxomov 5 may 1965-ci ildə vəfat etmişdir.

Alimin 140 illik yubileyi və vəfatının 55 illiyi münasibətilə AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları – muzeyin Numizmatika və epiqrafika elmi-fond şöbəsinin müdiri, professor Əli Rəcəbli, muzeyin elmi işlər üzrə direktor müavini, t.e.d. Nərgiz Əliyeva məruzələr, həmin şöbənin böyük elmi işçisi, t.ü.f.d. Aygün Məmmədova isə muzeyin fond materialları əsasında təqdimat hazırlamışdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: