Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

03.11.2014 00:00
  • A-
  • A
  • A+

Aqrar Elmlər Bölməsinin növbəti iclası keçirilib

Aqrar Elmlər Bölməsinin növbəti iclası keçirilib

Oktyabrın 31-də AMEA Rəyasət Heyətində Aqrar Elmlər Bölməsinin (AEB) növbəti iclası keçirilib.

İclasda Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm Mərkəzinin baş direktoru Əsəd Musayev, Elmi-Tədqiqat Əkinçilik İnstitutunun direktoru Çavanşir Təlai, Elmi-Tədqiqat Yemçilik, Çəmənçilik və Otlaqlar İnstitutunun direktoru Çingiz Əliyev, Azərbaycan Hidrotexnika və Meliorasiya Elm İstehsalat Birliyinin baş direktoru, kənd təsərrüfatı elmləri doktoru Ağamir Həşimov və adı çəkilən təşkilatların əməkdaşları iştirak ediblər.

Bölmə iclası bir sıra məsələlərlə yanaşı, AEB-nin Almaniyanın Greifswold Universitetinin əməkdaşları ilə birgə Volkswagen Təməl Proqramı tərəfindən Orta Asiya və Qafqaz üçün maliyələşdirilən “Böyük Qafqazın Azərbaycan ərazisində Qış otlaqlarının qiymətləndirilməsi” adlı layihənin yekun hesabatına həsr olunub. Azərbaycanda qış otlaqlarının mal-qara üçün ucuz və keyfiyyətli yem mənbəyi olmaqla yanaşı, həmçinin təbiətdə biomüxtəlifliyin qorunub saxlanılması üçün böyük əhəmiyyətini nəzərə alaraq bu layihənin həyata keçirilməsi xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanda qış otlaqlarının bir hissəsi Böyük Qafqazın cənub hissəsində yerləşir. Layihə Cənubi Qafqazda biomüxtəlifliyin davamlı idarə olunması proqramı çərçivəsində yerinə yetirilib. Bölmənin nəzərdə tutulan layihədə iştirakı yerinə yetirdiyi bir sıra Dövlət Proqramlarının uğurlu nəticəsidir.

İclasda AMEA-nın İnnovasiya şöbəsinin müdiri Vüqar Babayev və AMEA Beynəlxalq Əlaqələr İdarəsinin Xarici ölkələrin akademik qurumları ilə əlaqələr şöbəsinin müdiri Bünyamin Seyidov çıxış ediblər.

Tədbirdə Mixael Ruh, Tubuxanım Qasımzadə, Conatan Etzold, Regina Neudert, Afərim Həsənova layihə ətrafında geniş məruzə ilə çıxış ediblər.

Qeyd edək ki, layihənin nəticəsi olaraq Azərbaycanda, Böyük Qafqazda qış otlaqlarının monitorinqi üzrə təlimat kitabçası hazırlanıb.

Bundan başqa, təlimat gələcəkdə otlaqların vəziyyətinin qorunub saxlanılması, təkmilləşdirilməsi və davamlı istifadəsi üçün idarəetmə məsləhətləri ilə təmin edilib. Bu isə təkcə alimlər üçün deyil, xüsusi olaraq fermerlər, yerli əhali və icra orqanları nümayəndələri üçün təlimat vəsaiti olacaqdır.

İclasda BMT-nin nümayəndəsi Eltəkin Ömərov, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) Azərbaycan Respublikasındakı nüməyəndəsi Tomriz Bayramova, Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin direktoru Elşad Əsgərov çıxış edərək başa çatmış layihəni yüksək qiymətləndiriblər.

İclasın davamı olaraq noyabrın 1-də bir qrup mütəxəssislərin iştirakı ilə Qobustan qış otlaqlarında, çöl şəraitində layihə iştirakçıları tərəfindən treninqlər aparılıb və yeni vizual metodun istifadə olunması xüsusi maraqla qarşılanıb.

Qeyd edək ki, bölmə tərəfindən planlaşdırılmış bu təlimat kitabçası nəşr olunduqdan sonra fermerlər və yerli adminstrativ orqanların nümayəndələri üçün xüsusi maarifləndirmə xarakterli təlimatların keçirilməsi nəzərdə tutulur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.az saytına istinad zəruridir.
  • Paylaş: