Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

SOCAR-ın Bakı Neft Emalı Zavodunun nümayəndə heyəti AMEA-nın Yüksək Texnologiyalar Parkında olub
29.04.2020 15:07
  • A-
  • A
  • A+

SOCAR-ın Bakı Neft Emalı Zavodunun nümayəndə heyəti AMEA-nın Yüksək Texnologiyalar Parkında olub

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun baş mühəndisi Rasim İbrahimov, baş texnoloqu Ramazan Qəribov, eləcə də keyfiyyətə nəzarət üzrə 8 nömrəli sahənin əməkdaşları AMEA-nın Yüksək Texnologiyalar Parkının Elmi analitik sınaq laboratoriyasında (EASL) olublar.

EASL-ın müdiri, kimya üzrə fəlsəfə doktoru Arzu Əlizadə qonaqları laboratoriyanın fəaliyyəti ilə tanış edib. Bildirib ki, laboratoriya qaz və maye neft qazlarının, neft və neft-kimya məhsullarının, eləcə də istehlak mallarında toksik elementlərin sınağının həyata keçirilməsi üçün AZS İSO/İEC “Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə ümumi tələblər” standartlarına uyğun akkreditasiya olunub.  

Görüşdə SOCAR-ın ölkəmizin emal sənayesi sahəsində istehsal və ixrac potensialını artırmaq, emal kompleksində alınan məhsulları yüksək standartlara çatdırmaq məqsədilə həyata keçirilən irihəcmli və perspektivli layihələrindən bəhs olunub. Bildirilib ki, belə layihələrin biri olan “H.Əliyev adına Neft Emalı Zavodunun modernizasiyası və yenidən qurulması” layihəsi çərçivəsində Azərbaycanda istehsal olunan dizel yanacağının və avtomobil benzinlərinin “Avro-5” standartlarına uyğunlaşdırılması, ölkənin yanacaq-enerji təhlükəsizliyinin təmin olunması, eləcə də benzin və dizel yanacağına artan tələbatın ödənilməsi işlərində EASL-ın böyük xidmətləri var.

Sonda baş mühəndis Rasim İbrahimov AMEA-nın Yüksək Texnologiyalar Parkının əməkdaşlarına minnətdarlığını bildirib, laboratoriyanın emal sənayesində mövcud və yarana biləcək problemlərin həllində geniş imkanlara malik olduğunu vurğulayıb.

Tədbirdə, həmçinin Bakı Neft Emalı Zavodunun ərazisindəki istehsalata nəzarət laboratoriyasına müasir cihazların sifarişində və komplektasiyasında, beynəlxalq standartların tədbiqində, personalın təlimində birgə əməkdaşlığın zəruriliyi qeyd olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: