Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycanlı arxeoloq qazaxıstanlı həmkarlarının videokonfransında çıxış edib
29.04.2020 14:43
  • A-
  • A
  • A+

Azərbaycanlı arxeoloq qazaxıstanlı həmkarlarının videokonfransında çıxış edib

S.Amanjolov adına Şərqi Qazaxıstan Dövlət Universitetinin təşəbbüsü ilə “Ruxani Janquru (Mənəvi intibah) dövlət proqramı Qazaxıstanın arxeologiyasının inkişafı faktoru kimi” adlı videokonfrans keçirilib. Tədbirdə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Antik dövr arxeologiyası şöbəsinin müdiri, t.ü.f.d. Zaur Həsənov iştirak edib.

Videokonfransda Z.Həsənov “2017-2019-cu illərdə Azərbaycan-Qazaxıstan birgə arxeoloji tədqiqatları” mövzusunda məruzə edib. Azərbaycanlı alim çıxışında iki ölkə arasında arxeoloji tədqiqatların perspektivləri məsələsinə toxunub.

Xatırladaq ki, 2017-ci ildən başlayaraq Zaur Həsənov Qazaxıstan Altayında Berel və Tarbaqatayda Eleke-Sazı abidələrində İskit-Saka dövrünə aid kurqan abidələrində professor Zaynolla Samaşevin rəhbərliyi altında aparılan arxeoloji qazıntılarda iştirak edib. 2019-cu ildə Zaur Həsənov və Zaynolla Samaşevin həmrəhbərliyi ilə Azərbaycan-Qazaxıstan arxeoloji ekspedisiyası yaradılıb. Arxeoloji tədqiqatlar Şəkinin Antik dövrə aid Təpəbaşı abidəsində aparılıb. Həmçinin Şəkinin Kiş kəndində Antik dövrə aid Doxun abidəsi arxeoloji kəşfiyyat işlərinə cəlb edilib. Burada 2020-ci ildə birgə tədqiqatların davam etdirilməsi planlaşdırılıb. 

Daha sonra Qazaxıstanın tanınmış arxeoloqu, Alman Arxeoloji İnstitutunun müxbir üzvü Zaynolla Samaşev Altayın Berel və Tarbaqatayın Eleke-Sazı kurqan abidələrində aparılan arxeoloji tədqiqatlar barədə məruzə edib.

Həmin tədqiqatlar “Mənəvi intibah” dövlət proqramı çərçivəsində aparılır. Bu kurqan abidələrindən arxeoloji qazıntılar nəticəsində İskit-Saka dövrünə aid qızıl geyimli kişi və qadın məzarları aşkar olunub. Abidədən tapılan silah və at bəzəkləri də qızıl ilə işlənib. Bu tipli tapıntılar Qazaxıstan cəmiyyətində “Altın Adam” adı ilə tanınır. Bundan başqa, Berel abidəsində bir neçə kurqanda atların başlarına bərkidilmiş süni buynuzlar aşkar edilib. Adı çəkilən abidələr artıq Qazaxıstanın milli rəmzlərinə çevrilib. Berel abidəsi dövlət turizm proqramının marşrutuna daxil edilib.

Tədbirdə Əl-Fərabi adına Qazaxıstan Dövlət Universitetinin professoru Abdeş Toleubayev isə Erkən dəmir dövrünə aid Şilikti kurqanlarında aparılan arxeoloji tədqiqatlar haqqında danışıb.

Videokonfransda, həmçinin Qazaxıstan və Qırğızıstan arxeoloqları apardıqları tədqiqatlar barədə çıxışlar ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: