Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Biofizika İnstitutu xüsusi karantin rejimi dövründə bir sıra prioritet istiqamətləri müzakirə etməyi təklif edir
29.04.2020 12:13
  • A-
  • A
  • A+

Biofizika İnstitutu xüsusi karantin rejimi dövründə bir sıra prioritet istiqamətləri müzakirə etməyi təklif edir

Koronavirusun yeni forması, COVID-19, demək olar ki, dünyanın bütün ölkələrində yayılıb və öz təsirini göstərməkdədir. Bu pandemiyanın qarşısının alınmasında ən böyük çətinlik onun ölüm faizinin yuxarı olması deyil. Əksinə, COVID-19-da ölüm faizi əvvələr qeydə alınmış digər koronavirus MERS-CoV-dan qat-qat aşağıdır. Əsas çətinlik virusun sürətlə yayılması və ona görə də yoluxanların sayının əvvəlki göstəricilərlə müqayisə olunmaz dərəcədə yuxarı olmasıdır.

Dünya ölkələri, hətta iqtisadi cəhətdən inkişaf etmiş ölkələr belə bu virusa yoluxmuş külli miqdarda insanlara xidmət etməyə hazır deyillər. Açığını demək lazımdır ki, yoluxmanın qarşısının alınması üçün ən effektiv mübarizə üsulu, Çin Xalq Respublikasının misalında göründüyü kimi, insanları bir-birindən təcrid etməkdir. Ona görə də, Azərbaycan dövlətinin qabaqlayıcı radikal addımları labüd və vaxtında atılmış addım idi. Bu addım cəmiyyət tərəfindən dəstəklənir və dəstəklənməlidir də. Bu addımlar nəticəsində neçə-neçə insanların həyatının saxlanmasının statistikasını aparmaq çox da çətin deyil. Ən yaxşı ssenari üzrə Azərbaycanda 20-30 mindən yuxarı insan öz həyatını itirməli idi. Bu rəqəmin həqiqətə yaxın olmasını göstərmək üçün bir misal çəkim. Əhalisinin sayı Azərbaycan Respulkasından az olan Nyu-York şəhərində (8.4 milyon) bu gün (aprelin 26-a olan məlumat) COVID-19-a yoluxanların sayı 155 000, ölənlərin sayı isə 11 817-dir. Nəzərə alın ki, Nyu-York hələ pik həddini keçməyib. ABŞ həm iqtisadi, həm də tibb sahəsində dünyanın ən qüdrətli dövləti olsa belə vaxtında qabaqlayıcı tədbir görməməsi çoxsaylı insan həyatının itkisinə səbəb olub və bu hələ davam edəcək. Azərbaycan dövlətin sosialyönümlü siyasəti, insan həyatını birinci dərəcəli sərvət hesab etməsi, böyük iqtisadi itkilər hesabına atdığı addımlar hər gün çoxlu sayda insanın həyatını xilas etməkdədir. Digər tərəfdən dövlətimizin son zamanlar atdığı çevik addımlar (bir çox xətəxanaların profillərinin genişləndirilməsi, yeni modul tipli xəstəxanaların yaradılması, tibbi maskaların istehsalı və s.) koronavirusla mübarizədə öz töhfəsini verməkdədir.

Şübhəsiz hamıya aydındır ki, bu situasiya axırıncı olmayacaq. Bu gün biz indiki vəziyyətdən nəticə çıxarmalıyıq və gələcəkdə gözlənilə bilən, bundan da təhlükəli ola bilən digər epidemiyalara hazır olmalıyıq. Bütün müəssisələrdə mülki müdafiə sistemi xətti ilə hər bir işçi üçün bir neçə aylıq birdəfəlik tibbi maskaların, fərdi dezinfeksiyaedici vasitələrin və s. ehtiyatları hazırlanmalıdır. Digər tərəfdən yeni situasiya AMEA qarşısına da yeni tələblər qoyur və bu haqda indi, karantində olduğumuz vaxtda fikirləşməli, müzakirə etməli və öz təkliflərimizi verməliyik.

Azərbaycan kiçik dövlət deyil!

Bir çox hallarda elmdən söhbət düşəndə bəzi alimlərimiz (alim olmayanlar da belə) qeyd edirlər ki, Azərbaycan kiçik dövlətdir və elmin bütün istiqamətləri ilə məşğul ola bilməz. Onlara sübut etmək olar ki, əhalisi Azərbaycan əhalisindən az olan dövlətlər elmdə mühüm nailiyyətlər qazanmışlar. Etiraf etmək lazımdır ki, yaranan yeni situasiya üçün müəyyən uğurlara baxmayaq, Həyat elmləri üzrə (biofizika, biokimya, molekular biologiya, biofiziki və bioloji texnologiyalar, tibb) aparılan tədqiqatlar və bu sahələr üzrə mövcud maddi texniki baza bu günün tələblərinə cavab vermir. Biz tez bir zamanda molekulyar, hüceyrə, toxuma və model sistemlər üzrə texnologiyaları yaratmalı və bu sahələrdə ciddi tədqiqatlara başlamalı, dünya elminə inteqrasiya etməliyik. Bu gün AMEA institutlarının bəzilərində xaricdə işləyən tanınmış alimlərimizin laboratoriyaları yaradılıb və onlar Azərbaycanda aparılan elmi tədqiqatlara kənardan uğurla dəstək verirlər. Lakin bu azdır. Elmi tədqiqatları Azərbaycanda yerləşən institutlarda təşkil edilməli və Azərbaycanda aparılmalıdır. Əlbəttə, bu keçidə müəyyən vaxt lazımdır. Mənim sadaladıqlarım tənqid deyil, bu işin məntiqli davamı olan arzudur. Sevindirici haldır ki, bu istiqamətdə işlər gedir və bu daha da sürətlənməlidir. Bizim bu işləri görməyə potensialımız var və biz buna hazırıq. Biz istər monoklonal anticisimləri (bu hazırki COVID-19 yoluxmasına qarşı aparıla bilən mübarizə yolunun mühüm bir istiqamətidir), istərsə də digər xüsusi əhəmiyyət kəsb edən zülalları ekspressiya etməyi, müxtəlif hüceyrə xətləri üzrə və heyvan modelləri ilə işləməyi bacarmalıyıq.

Son illər AMEA-da multidissiplinar tədqiqatlara böyük diqqət yetirilir və bu işlərə dəstək verilir. Nano-texnologiyanın bütün elmi istiqamətlərə tətbiqinə xüsusi önəm verilir. Bu gün təkcə elmimiz yox, alimlərimiz də multidissiplinar biliklərə malik olmalıdır. Qeyd etmək istərdim ki, bu fikri AMEA Rəyasət Heyətinin iclaslarının birində AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev səsləndirmişdir. Kadr hazırlanması istiqamətində magistratura və dissertantura təhsilinə xüsusi fikir verilməlidir. Son zamanlarda COVID-19 virusuyla bağlı yaranan vəziyyət göstərir ki, həkimlərimiz də multidissiplinar olmalıdır. Bu gün koronavirusa yoluxan xəstələri müalicə edən həkimlər infeksionist olmaqla yanaşı, daha çox pulmanoloq olmalıdır. Digər tərəfdən virusun fəsadı olan ağ ciyərin pnevmoniyası nəticəsində yaranan trombosis və onun vaxtında qaşısının alıması və s. artıq başqa istiqamətlərdir.

Hazırda COVID-19-un bütün dünyada yayılması, onunla bağlı problemləri qabartmışdır. Lakin bizim başqa mühüm problemlərimiz hələ qabaqdadır. Statistikaya əsasən bütün dünyada olduğu kimi, Azərbaycanda da insanlar ildən-ilə daha uzun ömür sürürlər. Bu da tədricən xərçəng və yaşla əlaqəli xəstəliklərin (Alzeymer, Parkinson və s.) sayının artması deməkdir. Bu gün bəzi xərçəng xəstəliklərində istifadə olunan hədəfli dərman preparatları çox bahadır və hamının təlabatını ödəyə bilməyəcək. Ona görə də biz özümüz bu işlərə tez bir zamanda başlamalıyıq və bunu etməsək böyük maddi xərclərlə üzləşəcəyik.

Biofizika İnstitutunun formulası

Yeni yaradılan Biofizika İnstitutu maddi-texniki bazasının məhdud olmasına baxmayaraq, müəyyən uğurlar qazanmışdır. İnstitutun əsas elmi istiqaməti xərçəng və yaşla bağlı olan amiloid xəstəlikləri üzrə tədqiqatların aparılmasıdır. Böyük məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, Biofizika İnstitutu Milli Onkologiya Mərkəzi ilə birgə uğurlu elmi tədqiqatlar aparır və bunun nəticəsi kimi “Molekulyar və Hüceyrə Onkologiyası” adlı birgə laboratoriya yaradılmışdır. Artıq ictimaiyyətə bəllidir ki, birgə tədqiqatların nəticəsi kimi qan plazmasının spektrosopiyası ilə gələcəkdə skrininq üçün yararlı ola bilən "Süni İntellekt" sitemi hazırlamışdır. Digər tərəfdən xərçəng və normal hüceyrə membranlarını bir-birindən fərqləndirən prinsipial faktorlar, bu hüceyrələrin ətraf mühitin müxtəlif faktorlarına həssalığı tədqiq edilmiş və hazırda bu istiqamətdə tədqiqatlar davam etdirilir.

Bu gün istifadə olunan dərmanların təsirinin effekliyini ağ ciyər xərçəngi xəstələrindən götürülmüş biopsiya nümunələrində ölçə və dərmanın təsiri ilə hüceyrənin dağılmasını zaman etibarı ilə müşahidə edə bilirik. Bu istiqamətdə apardığımız işlər hər bir fərdə uyğun dərman seçimini təmin edə biləcək. Aldığımız nəticələr yaxın gələcəkdə elmi jurnallarda çap olunacaq və ictimaiyyət bu barədə məlumatlandırılacaq. İşimizin böyük əhəmiyyəti ondan ibarətdir ki, bu işlər hansısa model sistemlərdə deyil, məhz insan toxumasından götürülmüş nümunələrdə aparılıb. İnsan toxuması ilə işləmək bizim üzərimizə böyük məsuliyyət qoyur və biz bu nümunələrdən maksimum yararlanmalıyıq.

Xüsusi qeyd etmək istərdim ki, bu işlər AMEA Rəyasət Heyətinin dəstəyi ilə Biofizika İnstitutu ilə Milli Onkologiya Mərkəzinə ayrılan qrant əsasında aparılır. Rəyasət Heyətində aparılan müzakirələr zamanı AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev bu tədqiqatları bəyənmiş, Biofizika İnstutunun “hüceyrə texnologiyaları” modulunun yaradılmasını dəstəkləmişdir. Fürsətdən istifadə edərək akademik Cəmil Əliyevə kollektivimiz adından öz dərin minnətdarlığımı bildirmək itəyirəm. Cəmil müəllim ilk gündən birgə aparılan işləri dəstəkləmiş, istər elmi baxımdan, istərsə də təşkilatı baxımdan bizə yaxından köməklik göstərmişdir. O, təşkilatı işlərin çoxluğuna baxmayaraq, elmi işləri prioritet tutmuş və alınmış elmi nəticələri dəfələrlə birgə müzakirə etmişdir. Bütün kollektivimiz adından Cəmil müəllimi akademik Nikolay Trapeznikov adına medalla mükafatlandırılmasına görə təbrik edir ona elmi-təşkilati işində yeni uğurlar arzulayırıq.

Sonda bildirmək istərdim ki, təbiət elmləri ilə tibbi elmlər bir-birini tamamlayan elmi-prioritet istiqamətləri təyin edib, ciddi şəkildə bu işlərə başlamalıdırlar. Bu işləri həyata keçirmək üçün dövlət yardımına ciddi ehtiyac var.

AMEA-nın Biofizika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Oktay Qasımov

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: