Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Bitki yağlarından biodizelin alınması istiqamətində tədqiqatlar aparılıb
29.04.2020 11:56
  • A-
  • A
  • A+

Bitki yağlarından biodizelin alınması istiqamətində tədqiqatlar aparılıb

Müasir dövrdə yanma məhsullarının tərkibində olan toksiki maddələrin havada miqdarının artmasının ətraf mühitin ekoloji balansını pozması səbəbindən tullantı qazlarının az olmasını təmin edən bioyanacaqlara tələbat artmaqdadır. Bunu nəzərə alaraq, bitki yağlarından biodizelin alınması və onun əsasında dizel yanacaq kompozisiyalarının hazırlanması istiqamətində elmi tədqiqatlar aparılıb.

Bu barədə AMEA-nın akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun (AKİ) Yanacaqlara aşqarlar laboratoriyasının elmi işçisi Lalə Mahmudova müsahibəsində məlumat verib.

O, bildirib ki, Avro-3 standartının tələblərinə görə, neftdən alınan ənənəvi dizel yanacağının tərkibinə bitki yağlarının biratomlu spirtlərlə transefirləşməsindən alınan yağ turşularının alkilefirlərinin 5-7% əlavə edilməsi nəzərdə tutulsa da, yaxın gələcəkdə yanacaq ehtiyat mənbələrinin artırılması məqsədilə bunun 15%-ə çatdırılması planlaşdırılır.

L.Mahmudova tədqiqat işində bitki yağlarından yüksək çıxımla biodizel əldə etmək üçün effektli katalizatorların sintez olunduğunu və alınan biodizel əsasında ekoloji təhlükəsiz və yüksək istismar keyfiyyətinə malik yanacaq kompozisiyalarının hazırlandığını, müəyyən elmi yeniliklər əldə edildiyini söyləyib. Onun sözlərinə görə, bu, müxtəlif bitki yağlarından biodizelin alınması, alınmış biodizel və ənənəvi dizel yanacağı əsasında yanacaq kompozisiyalarının istismar xassələrinin öyrənilməsi ilə mümkün olub.

"Tədqiqat zamanı əldə olunan nəticələrin bu istiqamətdə indiyə qədər aparılan elmi tədqiqatlardan fərqi ondan ibarətdir ki, araşdırma zamanı bitki yağlarının biratomlu spirtlərlə transefirləşmə reaksiyasından biodizelin alınması prosesində istifadə etmək üçün müxtəlif katalizatorlar sintez olunub və onların iştirakı ilə prosesin optimal şəraiti öyrənilib, əldə olunmuş nəticələrin elmi yeniliyi 3 patentlə təsdiq edilib" - deyə elmi işçi əlavə edib.

Sonda L.Mahmudova bildirib ki, əldə etdiyi yeniliyin AMEA-nın Yüksək Texnologiyalar Parkında da tətbiqi mümkündür. Aparılan tədqiqatlar sosialyönümlü iqtisadi quruculuğa müəyyən töhfələr verə bilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: