Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Coğrafiya İnstitutunun əməkdaşları beynəlxalq layihə üzərində işləyirlər
29.04.2020 13:38
  • A-
  • A
  • A+

Coğrafiya İnstitutunun əməkdaşları beynəlxalq layihə üzərində işləyirlər

AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşları "Karantin rejimi şəraitində COVID-19 pandemiyasının yayılmasına təsir edən landşaft planlaşdırılması" mövzusunu əhatə edən layihə üzərində işləyirlər.

“Roma və Bakı metropol regionlarında landşaft örtüyü dəyişikliklərinin məsafədən zondlama məlumatları və CİS əsasında tədqiqi” adlanan bu layihə AMEA və İtaliya Milli Tədqiqat Şurası arasında imzalanmış elmi əməkdaşlıq proqramı çərçivəsində 2020-2021-ci illər üçün elan edilmiş müsabiqənin qalibidir. Layihənin əsas məqsədi müxtəlif metropol ərazilərdə landşaft örtüyünün dəyişməsini müqayisə etməkdir.

Coğrafiya İnstitutu tərəfindən layihənin icraçıları Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin müdiri, c.ü.f.d., dosent Mirnuh İsmayılov və böyük elmi işçi, c.ü.f.d. Şahnaz Amanovadır.

M.İsmayılovun bildirdiyinə görə, şəhər landşaftlarının planlaşdırılması zamanı binalar, məhəllələr arasında ekoloji normaların gözlənilməsi, yaşıllıq sahələrinin normalara uyğunluq dərəcəsi müxtəlif növ infeksiya və virusların, o cümlədən xəstəliklərin yayılmasına təsir göstərir. Bu baxımdan şəhər landşaft planlaşdırılması və onun öyrənilməsi vacib məsələdir. Landşaft örtüyü dəyişməsinin monitorinqi yalnız yerin səthində olan prosesləri anlamaq üçün deyil, eyni zamanda, metropol regionların gələcək inkişafı üçün əhəmiyyətlidir.

Layihənin nəticələri torpaq örtüyündə gedən dəyişikliyi öyrənməyə, kritik sahələri müəyyənləşdirməyə və daha geniş sahələrdə tədqiqatlar aparmağa imkan verəcək.

Onun sözlərinə görə, birgə tədqiqatlar zamanı tərəflərin alim və mütəxəssisləri ildə iki dəfə görüşəcək, müzakirələr və fikir mübadiləsi aparacaqlar. Hazırda tərəflərin planda nəzərdə tutulmuş may ayındakı görüşləri məlum səbəblərdən təxirə salındığından işlər onlayn şəkildə yerinə yetirilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: