Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Akademik Yaqub Mahmudov: “Tarix İnstitutu tərəfindən yeni kitablar hazırlanır”
28.04.2020 13:56
  • A-
  • A
  • A+

Akademik Yaqub Mahmudov: “Tarix İnstitutu tərəfindən yeni kitablar hazırlanır”

AMEA-nın Tarix İnstitutunun əməkdaşları elmi tədqiqatlarını məsafədən davam etdirirlər. Tarixçi alimlər yeni kitablar üzərində işləyirlər.

Bu barədə institutun direktoru, akademik Yaqub Mahmudov müsahibəsində məlumat verib.

Alim bildirib ki, rəhbərlik etdiyi qurumun Elmi şurasının onlayn iclasında institutun fəaliyyəti müzakirə olunub, müəssisənin elmi işlər üzrə direktor müavinləri, elmi katib və şöbə müdirlərinə müvafiq tapşırıqlar verilib.

O, qeyd edib ki, hazırda institutda magistratura təhsili distant olaraq həyata keçirilir. Magistrantlara tarixçi alimlər tərəfindən “Mixi yazılar”, “Tarix elminin müasir problemləri”, “Azərbaycan Atropatena və Albaniya dövlətləri”, “Tarixin tədrisi metodologiyası və metodikası”, “Azərbaycan dövlətlərinin beynəlxalq əlaqələri (XV-XVII əsrlər)”, “Osmanlı xətləri”, “Əski əlifba”, “Abbasqulu Ağa Bakıxanov və Mirzə Kazımbəyin tarixi görüşləri”, “XIX əsrdə Azərbaycanda tarixi fikrin inkişafı”, “Azərbaycan tarixində neft amili (XIX-XXI əsrin əvvəlləri)” və “XX əsrdə erməni daşnaklarının Azərbaycanda türk-müsəlman əhaliyə qarşı soyqırımları” fənləri tədris edilir.

Yaqub Mahmudov vurğulayıb ki, institutun Beynəlxalq əlaqələr şöbəsinin müdiri Lamiyə Qafar-zadə Avropanın görkəmli alimləri Edmund Hertsiq, Peter Qud, Cerri Brotton, Kuroş Meşkat, Elio Brankaforte və başqaları ilə elektron poçt vasitəsilə əlaqə yaradaraq onlarla fikir mübadiləsi aparıb. İnstitutun aparıcı elmi işçisi, Polşadakı Azərbaycanşünaslıq Mərkəzinin rəhbəri Nərgiz Axundova isə Varşava Universitetinin tələbələrinə Azərbaycan tarixini onlayn rejimdə tədris edir.

Tarix İnstitutunun əməkdaşları tərəfindən görülən işlərlə yaxından maraqlandığını söyləyən akademik Y.Mahmudov onlarla elektron poçt və sosial şəbəkə vasitəsilə əlaqə saxladığını diqqətə çatdırıb. Əlavə edib ki, hazırda müəssisə alimləri akademiyanın Rəyasət Heyətinin qərarına əsasən Azərbaycanın müstəqillik dövrü tarixini araşdırır: “Tarixçi alimlər “Səfəvi dövlətinin idarəetməsində Azərbaycan-türk əyanlarının rolu”, “Azərbaycan tarixi Osmanlı sənədlərində”, “Daşnaksütyun” partiyası və türk-müsəlman xalqlarına qarşı soyqırımları (XIX əsrin sonu – XX əsrin əvvəlləri)”, “Sovet hakimiyyətinin ilk illərində böyük dövlətlərin Qafqaz siyasəti və Azərbaycan”, “Azərbaycan SSR Elmlər Akademiyasının formalaşması və yaranması (1920-1945-ci illər)”, “Ermənistanın Azərbaycana qarşı təcavüzü qlobal güc mərkəzlərinin siyasəti fonunda (1991-1994)” və başqa mövzular üzərində tədqiqatlar aparırlar".

O, institutun əməkdaşlarının onlayn konfrans və seminarlarda da fəal iştirak etdiklərini diqqətə çatdırıb.

Hazırda “Zəngəzur tarixi (I hissə)”, “Şəki tarixi” kitabları və Azərbaycan tarixinə dair illüstrasiyalı broşürlər üzərində işlədiyini deyən Y.Mahmudov broşürlərin institutun “Tariximizə sahib çıxaq” layihəsi çərçivəsində hazırlandığını bildirib. Alimin sözlərinə görə, müvafiq mütəxəssislər tərəfindən hazırlanacaq kitabçalarda Azərbaycanın tarixi dövlətləri, görkəmli şəxsiyyətləri və mədəniyyəti barədə məlumatlar yer alacaqdır.

Akademik Y.Mahmudov vurğulayıb ki, Prezident İlham Əliyev Tarix İnstitutunun fəaliyyətinə yüksək qiymət verməklə yanaşı, müəssisə qarşısında uzun müddət üçün proqram xarakterli vəzifələr də qoyub: “Hazırda institut ölkə Prezidentinin tövsiyə, çağırış və tapşırıqlarını əsas tutaraq öz fəaliyyətini uğurla davam etdirir”.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: