Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AzTV kanalında Türk Dünyası Elmlər Akademiyaları Birliyinin iştirakı ilə keçirilən onlayn iclas haqqında sujet yayımlanıb
24.04.2020 13:47
  • A-
  • A
  • A+

AzTV kanalında Türk Dünyası Elmlər Akademiyaları Birliyinin iştirakı ilə keçirilən onlayn iclas haqqında sujet yayımlanıb

AzTV kanalında Beynəlxalq Türk Akademiyasının (BTA) təşəbbüsü ilə Türk Dünyası Elmlər Akademiyaları Birliyinin (TDEAB) videokonfrans vasitəsilə keçirilən fövqəladə toplantısı barədə sujet yayımlanıb.

Toplantı koronavirus pandemiyasına qarşı mübarizə məsələlərinin müzakirəsi məqsədilə təşkil olunub.  Videokonfransa Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Türkiyə, Tatarıstan və Başqırdıstan Elmlər Akademiyalarının rəhbər şəxsləri qatılıb.

Sujetdə bildirilib ki, tədbirdə böhran vəziyyətlərində Türk dövlətlərində elmin hazırki vəziyyəti, pandemiya şəraitində qəbul olunmuş qərarların təcrübə mübadiləsi, eləcə də elmi əməkdaşlığın perspektiv istiqamətlərinin müzakirəsi yer alıb.

AzTV kanalına müsahibə verən Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırali koronovirusla mübarizə yollarından danışıb, bu istiqamətdə birgə fəaliyyət göstərməyin əhəmiyyətindən bəhs edib.

AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli tədbirə videokonfrans sistemi vasitəsilə qatılıb. Alim Azərbaycanın iki il müddətində TDEAB-a sədrlik etdiyini və bu dövr ərzində bir sıra ortaq layihələrin gerçəkləşdirildiyini diqqətə çatdırıb. Qeyd edib ki, Türk Şurasına sədrlik edən Prezident İlham Əliyevin dövlət başçılarının onlayn fövqəladə Zirvə görüşünü təşkil etməsi çətin və mürəkkəb şəraitdə beynəlxalq əməkdaşlığın yeni modelini ortaya qoyan əhəmiyyətli hadisədir.

İ.Həbibbəylinin sözlərinə görə, hazırki şərait göstərir ki, real məkanın əlaqələrinin kəsildiyi məqamlarda virtual məkanın imkanlarından istifadə ən əlverişli yoldur: “Bunun üçün elmi təşkilatlar daim işlək olan müasir texnologiyalara yiyələnməlidir. Akademiyalar özlərinin informasiya-kommunikasiya imkanlarına yenidən baxmalı, bu sahəni daha da təkmilləşdirməlidirlər".

Tədbirdə Qırğızıstan Elmlər Akademiyasının prezidenti, akademik Murad Cumatayev koronavirus pandemiyasının simptomları, türk dünyasında yayılması, müalicə üsullarının tapılması və nəticələri barədə ortaq məlumat bazasının yaradılmasını təklif edib. Türkiyə Elmlər Akademiyasının prezidenti, professor Əhməd Cavad Acar “COVID-19 pandemiyası: dəyərləndirmə” hesabatı hazırladıqlarını və bunu digər üzv ölkələrlə paylaşmağa hazır olduqlarını bildirib. Təşkilatın digər üzvləri də fövqəladə vəziyyətlərdə əməkdaşlıqla bağlı fikirlərini bölüşüblər.

İclasın yekunu olaraq birliyin xüsusi qərarı qəbul edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: