Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Radiasiya Problemləri İnstitutu iş rejimini mövcud şəraitə uyğunlaşdırıb
23.04.2020 14:26
  • A-
  • A
  • A+

Radiasiya Problemləri İnstitutu iş rejimini mövcud şəraitə uyğunlaşdırıb

Bu gün bütün dünyanı narahat edən koronavirus epidemiyası səbəbindən AMEA alimləri “Evdə qal” kampaniyasına qoşularaq elmi fəaliyyətlərini onlayn şəkildə davam etdirirlər. AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin müvafiq sərəncamına əsasən, Radiasiya Problemləri İnstitutu da iş rejimini mövcud şəraitə uyğunlaşdıraraq məsafədən həyata keçirir.  

Bu barədə Radiasiya Problemləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Oqtay Səmədov müsahibəsində məlumat verib. O, rəhbərlik etdiyi elmi qurumda aparılan tədqiqatlardan danışıb.

Alim bildirib ki, institut əməkdaşları təcrübi tədqiqatlarını 2020-ci ilin planına uyğun olaraq davam etdirə bilməsələr də, onlar aparılan tədqiqatların nəticələrinin araşdırılması ilə məşğul olur, onlayn müzakirələr keçirir və məqalələrin hazırlanması üzrə müvafiq işlər görürlər: “Hazırda institutda respublikamızın müxtəlif bölgələrinin torpaq və su hövzələrində, istehsalat sahələrində təbii radioaktiv izotopların paylanma xüsusiyyətləri və radiasiya təhlükəsizliyi üzrə tədqiqatlar aparılır. 2020-ci ilin əvvəlində elmi-tədqiqat planına uyğun olaraq bölgələrdə aparılan tədqiqatların nəticələri işlənilir, radiasiya təhlükəsizliyi üzrə tövsiyələr hazırlanır”.

Oqtay Səmədov qeyd edib ki, əməkdaşlar onlayn keçirilən beynəlxalq seminar və konfranslara qatılır, AMEA-nın Mərkəzi Elmi Kitabxanasının öz oxucuları üçün veb-səhifəsi vasitəsilə yaratdığı imkanlardan, dünya kitabxanalarının pandemiya dövründə virtual rejimdə təqdim etdikləri resurslardan, nəşrlərin pdf və e-pub formatlarından geniş istifadə edərək öz elmi məqalələri üzərində işləyirlər.

İnstitutun ingilis dilində nəşr olunan “Journal of Radiation Researches” jurnalına hazırlıq işlərindən bəhs edən direktor jurnalın növbəti nömrəsi üçün təqdim edilən məqalələrin bu günlərdə onlayn olaraq mütəxəssislərə rəyə göndərildiyini, həmçinin alınan rəylər üzrə məqalə müəllifləri ilə müzakirələrin aparıldığını vurğulayıb.

Alim əlavə edib ki, mövcud şəraitə uyğun olaraq müəssisədə “Radiasiya materialşünaslığı” və “Təbii və fizioloji fəal maddələr kimyası” ixtisasları üzrə təhsil alan I və II kurs magistrantlar üçün dərslərin distant formada tədrisinə başlanılıb. Hər iki ixtisas üzrə II kurs magistrantların, həmçinin elmi-pedaqoji rəhbərlərin iştirakı ilə distant təcrübə keçirilir. II kurs tələbələri elmi rəhbərləri ilə onlayn əlaqə saxlayaraq dissertasiya mövzuları üzərində işlərini davam etdirirlər.

"Bununla yanaşı, institut alimləri karonavirusun yaranma və yoluxma səbəbləri, virusla xəstələnən insanlarda sağaldıqdan sonra onun qoyduğu izlərin proqnozu ilə əlaqədar araşdırmalar aparır, pandemiyadan sonrakı dövr üçün tədqiqat istiqamətlərini müəyyənləşdirirlər", - deyə Oqtay Səmədov bildirib.

Sonda direktor vurğulayıb ki, dövlət başçısı İlham Əliyevin vaxtında gördüyü genişmiqyaslı və qabaqlayıcı tədbirlər, sosial sahədə verdiyi qərarlar, yaradılan operativ qərərgah, səhiyyə sahəsinə ayrılan maliyyə vəsaiti ölkəmizin bəşəriyyət üçün böyük bəla olan COVID-19 pandemiyasından ən az zərərlə çıxmasına zəmin yaradıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: