Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Folklor nümunələrinin müqayisəli-tarixi mövqedən öyrənilməsinin əhəmiyyəti müzakirə edilib
23.04.2020 12:43
  • A-
  • A
  • A+

Folklor nümunələrinin müqayisəli-tarixi mövqedən öyrənilməsinin əhəmiyyəti müzakirə edilib

Aprelin 22-də AMEA-nın Folklor İnstitutunun Folklor və yazılı ədəbiyyat şöbəsinin onlayn seminarı keçirilib.

Seminarda "Folklor nümunələrinin müqayisəli-tarixi mövqedən öyrənilməsinin əhəmiyyəti" mövzusu müzakirə edilib.

Folklor və yazılı ədəbiyyat şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Kamran Əliyev bildirib ki, bəşəriyyət həmişə öz keçmişini öyrənməyə maraq göstərib, ötən əsrlərin müxtəlif forma və məzmunda yaddaşa və maddi-mənəvi abidələrə həkk olunmuş nailiyyətləri ilə fəxr edib. Tarixin bütün sınaqlarından çıxan insan yeni bir mədəni yüksəliş qazanaraq iqtisadi, siyasi, mənəvi inkişafın ən müasir dəyərlərini müəyyənləşdirə bilib. Bu işdə tədqiqatçılara yardımçı olan sahələrdən biri də arxeoloji araşdırmalarla yanaşı, folklor və mifoloji mətnlərdir.

Sonra şöbənin elmlər doktorluğu hazırlığı üzrə doktorantı Fidan Qasımovanın “Oğuz və kelt folklor mətnlərində ağac kultu” mövzusunda məruzəsi dinlənilib. Vurğulanıb ki, folklor nümunələrinin müqayisəli-tarixi mövqedən öyrənilməsi bəşəri düşüncənin qaynaqlarının müəyyənləşdirilməsində və xalqların bir-birinə yaxın olmasının mahiyyətinin dərk edilməsində mühüm əhəmiyyətə malikdir.

Məruzəçi “Kitabi-Dədə Qorqud” dastanları ilə yanaşı, digər oğuznamələrdən və eyni zamanda, əsas etibarilə Şotlandiyada, İrlandiyada məskunlaşan keltlərə məxsus saqalardan gətirdiyi nümunələr əsasında ağac kultunun mifoloji köklərinin geniş mənzərəsini yaradıb. Ağacın dünyanın mərkəzi kimi qəbul edilməsi, həyat amili kimi inanca çevrilməsi, Tanrı və su anlamına gətirilməsi, hətta bədnəzərdən qorunmaq kimi xüsusiyyət daşıması, nərdivana, çomağa transformasiya olunması konkret faktlar əsasında təhlil edilib. Qeyd olunub ki, qədim xalqların genetik yaddaşı, ortaq dəyərləri daha çox bölüşüb.

Məruzə ətrafında filologiya üzrə fəlsəfə doktorları Xəyalə Ağayeva, Aynur İbrahimova, Aytac Abbasova, Əpoş Vəliyev, Gülnar Osmanova, Sevinc Əliyeva, Şəbnəm Məmmədova çıxış edərək fikir və mülahizələrini söyləyiblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: