www.science.az
23.04.2020 11:56

“Arxeoloqlar karantində” qapalı qrupu çərçivəsində təşkil olunmuş videokonfransın qonağı akademik Nailə Vəlixanlı olub

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşlarının “Facebook” sosial şəbəkəsində yaratdıqları “Arxeoloqlar karantində” qapalı qrupu çərçivəsində təşkil olunmuş videokonfransın qonağı Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı olub.

Videokonfrans “Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının təşkilində son illərin tədqiqatlarından tapılmış arxeoloji materialların yeri” mövzusuna həsr olunub.

Akademik N.Vəlixanlı muzeydə aparılan son tədqiqatlar, eksponatların yenilənməsi və bərpası istiqamətində görülən işlər, beynəlxalq əlaqələr, mövcud problemlərdən söz açıb. O, Azərbaycan arxeoloqlarının apardığı tədqiqatların Azərbaycan və dünya elmi üçün mühüm əhəmiyyətini qeyd edib.

Daha sonra mövzu üzrə diskussiya keçirilib.

Tədbir iştirakçıları arxeoloji tapıntıların saxlanılması, bərpası və sərgilənməsi konsepsiyasının hazırlanması, həmçinin Azərbaycanda muzeylərin müasir dünya standartlarına uyğun bina və fondlarla təchizi sahəsində problemlərdən danışıblar. Vurğulanıb ki, qanunvericilik sahəsində muzeyləşdirmə proseslərinin tənzimlənməsi üzrə əlaqədar dövlət təşkilatları ilə məsləhətləşmələr aparılmasına, müvafiq təkliflərin reallaşdırılmasına ehtiyac var. Tədbir iştirakçıları xüsusi karantin rejimi dövründə müvafiq mövzuların müzakirəsi üçün onlayn tədbirlərin davam etdirilməsini qərara alıblar.

Videokonfransda Arxeologiya və Etnoqrafiya İnstitutunun, Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları, eləcə də Avropada "Arxeologiya" ixtisası üzrə təhsil alan magistrantlar iştirak ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.