Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Akademik Telman Əliyev: “İnstitut əməkdaşlarının yerinə yetirdiyi işlər kifayət qədər effektiv və qənaətbəxş nəticələr verir”
22.04.2020 16:06
  • A-
  • A
  • A+

Akademik Telman Əliyev: “İnstitut əməkdaşlarının yerinə yetirdiyi işlər kifayət qədər effektiv və qənaətbəxş nəticələr verir”

AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev xüsusi karantin rejimində institutun elmi fəaliyyəti haqqında onlayn müsahibə verib.

Alim institut əməkdaşlarının karantin dövründə də fəaliyyətlərini davam etdirdiklərini və mütəmadi olaraq görülən işlər barədə hesabat verdiklərini söyləyib. Onun sözlərinə görə, institutun əməkdaşları tərəfindən iki avroasiya patenti alınıb, iki patent isə AR Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə Avroasiya patenti alınması üçün təqdim edilib. Bu dövr ərzində 5-i “Web of Science” bazasına daxil olmaqla 17 elmi əsər nüfuzlu jurnallarda dərc olunub, 15-i xarici jurnallara olmaqla (6-sı “Web of Science” və 3-ü “Scopus” bazalarda daxil olan) 19 məqalə isə çapa təqdim olunub.

Akademik T.Əliyev gənc alimlərin elmi rəhbərləri ilə onlayn formada əlaqə quraraq dissertasiyalar üzərində birgə çalışdıqlarını, hazırda 2 dissertasiyanın müdafiəyə təqdim edilmək üçün hazır olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, institutda 29 mart 2020-ci il tarixindən etibarən I kurs magistrantlar üçün distant tədris təşkil edilib. Hazırda müəssisənin I kurs magistraturasında “Riyaziyyat”, “Kompüter elmləri” və “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasları üzrə 10 magistrant təhsilini onlayn formada davam etdirir.

O, institutun alimləri - t.e.d. Qəmbər Quluyev və t.e.d. Fərhad Paşayevlə üzərində birgə çalışdıqları mühüm layihə barədə də məlumat verib. Bildirib ki, İdarəetmə Sistemləri İnstitutu ilə Türkmənistan Elmlər Akademiyasının Seysmologiya və Atmosfer Fizikası İnstitutu arasında anlaşma memorandumu imzalanıb. Bu sənəd əsasında “Zəlzələnin başlanmasının seysmookustik nois monitorinqi və onun ocağının zonası barədə xəbərdarlıq sistemi” adlı layihənin yerinə yetirilməsi nəzərdə tutulub. "Layihəyə əsasən,  həm Türkmənistanda, həm də Azərbaycanda bir neçə seysmookustik stansiya tikilməlidir. Onlar bir biri ilə radiokanal, peyk vasitəsi ilə əlaqələndirilməlidir. Bundan başqa, hər iki ölkənin stansiyalarında monitorinq mərkəzi və qərar qəbuletmə sistemi olmalıdır", - deyə alim əlavə edib.

T.Əliyev müsahibəsində son zamanlar dünyada baş verən hadisələr səbəbindən neftə olan tələbatın azaldığını, onun qiymətinin aşağı düşdüyünü söyləyib. Qeyd edib ki, bunun nəticəsində bir sıra neft mədənlərində rentabelliyi aşağı olan quyular dayandırılıb.

Alim institut tərəfindən tətbiq edilən sistem nəticəsində elektrik enerjisinin qənaəti və digər faktorlar hesabına həmin quyuların rentabelliyinin artdığını və quyuların işləməsinin əlverişli olduğunu nəzərə çatdırıb. Onun sözlərinə görə, vaxtı ilə yaradılan sistemin effektiv olduğu məlum olub. Gələcəkdə bu sistem Azərbaycanda və xarici ölkələrdə bütün gücdən düşmüş mədənlərin hasilat quyularında tətbiq edilə bilər.

İnstitut direktoru gələcəkdə neft mədənləri üçün hasilat quyularını su vurma quyuları ilə əlaqələndirərək, eləcə də onların su hopma rejimində işləməsini təmin edərək effektivliyin dəfələrlə artacağına əminliyini bildirib. Bu işlərin AMEA-nın və ölkəmizin mühüm nailiyyətlərindən biri kimi qiymətləndirib. O, həmçinin institut əməkdaşlarının yerinə yetirdiyi işlərin kifayət qədər effektiv və qənaətbəxş nəticələr verdiyini  söyləyib.

Müsahibənin sonunda akademik T.Əliyev ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi altında koronavirus xəstəliyinə qarşı görülən tədbirlər nəticəsində bu pandemiyanın yaxın vaxtlarda başa çatacağına və institutda yerinə yetirilən işlərin real laboratoriyalarda davam etdiriləcəyinə inamını ifadə edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: