www.science.az
22.04.2020 13:12

Nizami muzeyinə 5 dildə videoekskursiyalar təşkil olunur

AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi onillərdir ki, yerli və xarici qonaqlarına Azərbaycan ədəbiyyatı və mədəniyyətinin tarixi, misilsiz simaları, nadir inciləri haqqında müxtəlif dillərdə məlumat verir. Bu mədəniyyət ocağının zalları adətən turistlər və ölkə vətəndaşları ilə dolu olur. İllərdən bəri toplanan “Rəylər kitabı”nda əksini tapmış fikirlər Azərbaycan mədəniyyəti və ədəbiyyatının Nizami muzeyində təqdiminə tamaşaçı marağının bariz göstəricisidir.

Hazırda dünyada pandemiya elan edilən COVID-19 virusunun yayılması səbəbindən Nizami muzeyi də xüsusi karantin rejiminin tələblərinə uyğun fəaliyyət göstərir. Muzeydə insanlarla təmasları qiyabi olsa da, mütəmadi şəkildə davam etdirə bilmək üçün bir sıra yeni layihələr həyata keçilir. Həmin layihələrdən biri də “Nizami muzeyinin zallarına videoekskursiyalar” adlanır. Sözügedən layihə əsasında həm yerli, həm də xarici vətəndaşlar mövcud şəraitdə evlərində qalaraq Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin təcrübəli bələdçilərinin müşayiəti ilə muzeylə yaxından tanış ola biləcəklər.

5 dildə – Azərbaycan, ingilis, rus, fars və ərəb dillərində bələdçilərin söhbətlərini dinləyən tamaşaçılar muzeyin zalları, eksponatları, əlyazmaları, arxeologiya nümunələri, miniatürləri, xalçaları, memarlıq abidələrinin maketləri barədə məlumat ala, eyni zamanda, kamera vasitəsilə onları canlı izləyə bilərlər. 

Videoekskursiyaları izləyənlər Azərbaycanın qədim mədəniyyət beşiyi Qarabağda yerləşən Azıx mağarasından başlayaraq, III-VII əsrlərə aid maddi mədəniyyət nümunələri, Dədə-Qorqud dövrünün arxeologiyası, coğrafiyası, musiqi mədəniyyəti, IX-XIII əsrlər Azərbaycan ədəbiyyatının və fəlsəfi fikrinin yüksəlişini göstərən rəsm əsərləri, qədim kitablar, dekorativ-tətbiqi sənət nümunələri, o cümlədən orta əsrlər Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən Məhsəti Gəncəvi, Xaqani Şirvani, Nizami Gəncəvi, İmadəddin Nəsimi, Şah İsmayıl Xətai, Məhəmməd Füzuli və digər klassiklər barədə məlumatlar əldə edə bilərlər.

Videosəyahətlər ədəbiyyatı sevən insanlarla yanaşı, muzeyin daimi qonağı olan orta məktəb şagirdləri üçün də xüsusi əhəmiyyət daşıyır. Hazırda distant təhsil elementlərinin geniş tətbiq edildiyi dönəmdə Nizami muzeyinin bu layihəsi videoekskursiyaların da tədris prosesində istifadəsinə əlavə bir köməkdir.

Muzeyin “Youtube” kanalında və rəsmi nizamimuseum.az veb-saytında yerləşdirilmiş videoekskursiyalar tamaşa edənlərə bütün bunları rahat şəkildə seyr etmələri üçün ayrı-ayrı hissələrə bölünüb. Hər bir zal, böyük ədəbi şəxsiyyət, bəzən isə zəngin tarixi olan hansısa qiymətli eksponat ayrıca bir süjetdə təqdim edilir. Qeyd edək ki, ana dilimizdən başqa, daha 4 dildə aparılan videoekskursiyalarda klassiklərimizin əsərlərinin ingilis, rus, fars və ərəb dillərinə ən uğurlu tərcümələrindən də hissələr yer alır.

Nizami muzeyinin elektron poçtuna Azərbaycandan və xarici ölkələrdən daxil olan rəylər videoekskursiyalar layihəsinin artıq qısa zamanda tamaşaçı rəğbəti qazanmasının göstəricisidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.