Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Prezidentin aqrar sahəyə diqqəti onun ölkəmizi mümkün qlobal çətinliklərdən qorumaq əzminin göstəricisidir
22.04.2020 12:33
  • A-
  • A
  • A+

Prezidentin aqrar sahəyə diqqəti onun ölkəmizi mümkün qlobal çətinliklərdən qorumaq əzminin göstəricisidir

Koronavirus pandemiyası ölkələrin iqtisadiyyatına, kənd təsərrüfatına, eləcə də ərzaq təhlükəsizliyinə mənfi təsirini göstərməkdədir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən tədbirlər nəticəsində koronavirusun geniş yayılmasının qarşısı alınaraq, insanların sağlamlığı qorunur. Bu gün Azərbaycanda koronavirus pandemiyası ilə ciddi mübarizə aparılıraraq insanların həyatı xilas olunur, həmçinin əhalinin sosial rifahının yaxşılaşdırılması üçün tədbirlər görülür, postpandemiya dövründə iqtisadiyyatın inkişafı üçün proqramlar qəbul edilir.

Bunu AZƏRTAC-a açıqlamasında Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev deyib.

Alim bildirib ki, pandemiyanın cəmiyyətin həyatına çox sürətli təsiri göz önündədir. Ərzaq məhsullarının istehsalı ilə bağlı qeyri-müəyyənlik ixrac məhdudiyyətlərini artıraraq dünya bazarında qıtlıq yarada bilər. Bu cür reaksiyalar ərzaq təchizatı və tələb arasında balansı dəyişə bilər ki, bu da qiymətlərin kəskin artımı ilə nəticələnər. Koronavirusla mübarizə aparmaq məqsədilə milli sərhədlərin bağlanması qlobal qida təhlükəsizliyi sahəsində gözlənilməz nəticələrə gətirib çıxaracaq. Beynəlxalq ticarət insanların qida təhlükəsizliyi və yaşayışlarının təmin edilməsində vacib iqtisadi münasibətlərdəndir. Vətəndaşlarının sağlamlığı üçün fəaliyyət göstərərkən ölkələr ticarətdə məhdudlaşdırıcı tədbirlər həyata keçirməyə məcburdur. Tətbiq edilən yeni sərhəd məhdudiyyətləri ərzaq təchizatı zəncirinin pozulmasına təhdidlər yaradır. Belə təhdidlər kənd təsərrüfatı və qida sənayesi işçilərinin hərəkətini çətinləşdirə və ərzaq konteynerlərinin sərhəddə qalma müddətini uzada bilər. Bu proses ən çox zəruri ərzaq məhsullarını idxal edən ölkələrə təsir edərək ərzaq təchizatı zəncirini poza bilər. Son 100 gün ərzində COVID-19 nəyə qadir olduğunu inkişaf etmiş ölkələrə vurduğu zərərlə bizə göstərdi. Ona görə də pandemiya dövründə və sonrakı mərhələdə ölkəmizdə kənd təsərrüfatı məhsulları ilə daxili tələbatı tam şəkildə ödəmək üçün vacib və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsində bir gün də olsun yubanmalara yol verilməməlidir. 

Əlövsət Quliyev bildirib ki, bütün bunları nəzərə alan Prezident İlham Əliyevin qarşıya qoyduğu mühüm vəzifələrdən biri də kənd təsərrüfatının inkişafıdır. Alim aprelin 14-də Azərbaycan Prezidentinin sədrliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirədə dövlət başçısının bununla bağlı çıxışını xatırladıb: “Hesab edirəm ki, indiki şəraitdə kənd təsərrüfatı emalı sahəsinə daha çox diqqət yetirilməlidir. Çünki biz əlavə dəyər zənciri yaratmalıyıq və çalışmalıyıq ki, həm daxili bazara, həm xarici bazarlara daha çox hazır məhsul təqdim edək. Eyni zamanda, bu, yeni iş yerlərinin yaradılmasına da gətirib çıxaracaq”.

İnstitut direktoru bildirib ki, dövlət başçısının bu məsələyə xüsusi diqqətlə yanaşması onun ölkəmizi və xalqımızı mümkün qlobal çətinliklərdən qorumaq əzminin nəticəsidir. Dövlət başçısı yuxarıda qeyd etdiyimiz müşavirədə kənd təsərrüfatının inkişafı ilə bağlı konkret tapşırıqlar verib: “Kənd təsərrüfatı ilə bağlı olan əsas məsələ məhsuldarlığı artırmaqdır. Kənd Təsərrüfatı Nazirliyi artıq bu istiqamətdə işlər görür, demək olar ki, yetişdirilən bütün növ məhsullar üzrə məhsuldarlıq ildən-ilə artır. Amma biz bilməliyik ki, əhalimiz artır və daxili istehlak da artacaq. Ona görə kənd təsərrüfatının istehsalı yüksək templərlə inkişaf etməlidir ki, biz həm daxili tələbatı ödəyə bilək, eyni zamanda, ixrac bazarlarına da öz məhsulumuzu çatdıra bilək”.

Fikrimizcə, məhsuldarlığı yüksəltmək üçün kənd təsərrüfatında elmi yanaşmanın tətbiqi nəzərə alınmalıdır. Bununla bağlı alimlərin də bir sıra təklifləri var.

Əlövsət Quliyevin sözlərinə görə, kənd təsərrüfatı məhsulları ilə daxili tələbatın ödənilməsi üçün torpaqların məhsuldarlığının qayğısına qalmağımız ümdə vəzifələrdəndir. Hər bir çətin şəraitdə ölkənin iqtisadiyyatının inkişafı və onun əhalisinin sağlam qalması üçün torpağa üz tutmaq yeganə çıxış yolu kimi nəzərdən keçirilib. Azərbaycan kənd təsərrüfatı məhsulları ilə özünü təmin etməyə imkanı olan ölkədir. Hazırda respublikamızın ümumi torpaq fondu 8,6 milyon hektar olsa da, onun yalnız 4,5 milyon hektarı kənd təsərrüfatı üçün yararlıdır. Eroziya, şoranlaşma, bataqlıqlaşma, kimyəvi çirklənmə və s. proseslərin təsiri nəticəsində torpaqların deqradasiyası baş verməkdədir. Əkinə yararlı torpaqların 181,6 min hektarının işğal altında olması səbəbindən mövcud ehtiyatların məhdudluğunu xüsusilə vurğulamaq lazımdır. Ölkə ərazisinin 31 faizinin müxtəlif dərəcədə şorlaşma və şorakətləşməyə məruz qalması torpaqların məhsuldarlığını çox aşağı salır.

Kənd təsərrüfatı məhsullarının davamlı istehsalının təmin olunması məqsədilə qısa müddətdə müvafiq təyinatlı torpaqların kəmiyyət və keyfiyyət uçotunun aparılması üçün elmi-tədqiqat işlərinin sürətləndirilməsinə və tətbiqinə ehtiyac var. Hansı ərazilərdə hansı kənd təsərrüfatı bitkilərinin əkilməsi haqqında öncədən aparılmış tədqiqatlar nəticəsində özünü təsdiq etmiş elmi tövsiyələrin verilməsi də məhsuldarlığın artırılmasına şərait yaradar.   

Ölkənin əkinəyararlı torpaqlarında səmərəli gübrələmə sisteminin yaradılması, bu sistemin torpağın qida maddələri tələbatına uyğunlaşdırılması məqsədilə məhsuldarlığın artırılması üçün əkin torpaqlarının genişmiqyaslı elmi tədqiqata cəlb edilməsinin təmin edilməsi qarşımızda duran mühüm vəzifələrdəndir. Eyni zamanda, torpaq münbitliyinin qorunması və artırılması üçün praktiki tədbirlərin operativliyinin və şəffaflığının təmin olunması üçün torpaq-fermer-idarəetmə arasında elektron sistemlərə keçidin təmin edilməsi günümüzün reallığına çevrilib. 

Əlövsət Quliyev bildirib ki, bu gün təkcə məhsul istehsal etmək deyil, ekoloji cəhətdən təmiz məhsul istehsalı əsas şərtdir. Ona görə də xaricdən toxum idxalından azad olmaq üçün öz istehsalımız olan toxum sortlarının yetişdirilməsinə və əkində istifadə olunmasına ciddi diqqət yetirməliyik. 

Əhalinin sağlamlığı, orqanizmin müqavimət potensialını gücləndirmək üçün ekoloji təmiz kənd təsərrüfatının inkişaf etdirilməsi, zərərli preparatların, xaricdən gətirilən gübrələrin miqdarını azaltmaq istiqamətində yerli istehsalın stimullaşdırılmasına dair layihələrin icrası da ciddi diqqət yetirilməli məsələlərdəndir.

Hesablamalara görə, Azərbaycanda 40 milyon tondan çox üzvi mənşəli (maldarlıq, qoyunçuluq, quşçuluq təsərrüfatı məhsulları, pambıq çöpləri, küləş, yaşıl kütlə, şəkər çuğunduru tullantıları, Kür çayı deltasında qida elementi ilə zəngin lil çöküntüsü, aerasiya stansiyalarının bərk məhsulları və s.) məhsulları mövcuddur. Bu tullantılara müxtəlif kompostlar və mineral maddələr əlavə etməklə üzvi-mineral gübrə istehsalına nail olmaq mümkündür.

Alim deyib ki, ölkənin əsas əkinçilik zonasının suvarılan Aran regionunda yerləşməsi suvarma suyunun məhdudluğuna, yaşadığımız mövcud şəraitdə kənd təsərrüfatının davamlı inkişafına elmi yanaşmalar tələb edir. 

Dövlət başçısı pandemiyanın yarada biləcəyi iqtisadi böhrandan ləyaqətlə çıxmaq üçün yüz min hektarlarla torpaqların əkinə cəlb olunmasını təmin etməklə çox ciddi qabaqlayıcı tədbirlər həyata keçirib. Ölkə rəhbərinin postpandemiya dövründə su ehtiyatları üzrə riskləri uzaqgörənliklə qiymətləndirərək tədbirlər görülməsi barədə tapşırıqlar verməsi kənd təsərrüfatının inkişafı baxımından hansısa problem yaranmayacağına verilən zəmanətlərdən biridir.

2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində keçirilən müşavirədə qeyd olunduğu kimi, dünyada iqlim dəyişikliyi ilə bağlı böyük narahatlıq var. Bəzi proqnozlar onu göstərir ki, Azərbaycanda bəlkə on ildən, iyirmi ildən sonra səhralaşma prosesi də istisna deyil. Ona görə biz bəri başdan buna hazır olmalıyıq. Keçən ilin quraqlığı bizə çox böyük problem yaratmışdı və hətta yaşlı insanlar belə quraqlıq xatırlamırlar. Bu il də quraqlıq gözlənilir. Ona görə su ehtiyatlarımızın səfərbər olunması, onlardan səmərəli istifadə edilməsi prioritet məsələyə çevrilir.

Prezident İlham Əliyevin həmin müşavirədə bu sahədə ciddi irəliləyişə nail olmaq üçün xüsusi komissiya yaradılması barədə tapşırığına uyğun olaraq, artıq həmin komissiya yaradılıb. Bu, Prezidentimizin söylədiyi, “Biz suyun hər bir damcısının qədrini bilməliyik” tövsiyəsinin reallaşdırılmasına başlanılmasının əyani nümunəsidir.

Əlövsət Quliyev bildirib ki, bu sahədə işlərin sürətləndirilməsi və keyfiyyətlə yerinə yetirilməsi üçün alimlər də əlindən gələni əsirgəməməlidir. İnstitut direktorunun sözlərinə görə, suvarma suyundan səmərəli istifadə olunması üçün innovativ suvarma üsullarına keçidin sürətləndirilməsi vacib məsələlərdən biridir. Bu, məhdud su ehtiyatına malik bir ölkədə ən təxirəsalınmaz bir iş olduğundan sudan qənaətlə istifadə etmək mədəniyyətinə və vərdişinə nail olunması olduqca vacibdir.

İndiki şəraitdə Azərbaycanda qədim içməli və suvarma suyu mənbələri olan kəhriz sistemlərinə diqqət yetirilməsi məqsədəuyğundur. Hazırda mövcud kəhrizlərimiz heç bir təşkilatın balansında olmadığından, onların üzərində təmir-bərpa işləri müxtəlif “Özfəaliyyət kəhriz bərpa” qrupları tərəfindən aparılır. Bu “qruplar” da tarixi abidələr olan kəhrizlərimizi yararsız hala salır. Təəssüflə deməliyəm ki, son illər bəzi subartezian quyuları kəhrizlərin qidalanma zonasında qazıldığına görə orada kəhrizlərin fəaliyyəti dayanıb. Belə vəziyyət Şəmkir, Samux, Goranboy, Tərtər, Bərdə, Göygöl rayonları ərazilərində müşahidə olunmaqdadır. Sevindirici haldır ki, bu gün Ağstafa rayonun Həsənsu kəndində qədim “Həsənsu” kəhrizinin “Azərsu” ASC tərəfindən bərpasına başlanılıb. Düşünürəm ki, digər rayonlarda bu günün özündə saf su verən, özünü etibarlı su mənbəyi kimi təsdiq edən qədim abidələrimizə - kəhrizlərə diqqət artırılmalıdır.

Digər tərəfdən, ölkə ərazisində su ehtiyatları yaratmaq məqsədilə sutoplayıcı ərazilərdə (vadilərdə) meşələrin bərpası və yağan yağış və qar çöküntülərinin maksimum torpağa keçməsi üçün müxtəlif mühəndis-texniki (yamaclarda yerüstü axını ləngidən, suyu torpağa hopduran şırımların çəkilməsi, kolluqların əkilməsi və digər üsullardan istifadə edərək su ehtiyatlarının toplanması) tədbirlərin həyata keçirilməsi də həllini gözləyən vacib məsələlərdəndir. 

Alim bildirib ki, suvarma suyunun düzgün verilməsi, iş rejiminin elmi prinsiplərlə idarə edilməsi, təminatlı suvarmanın kənd təsərrüfatı məhsullarının məhsuldarlığına təsirinin artırılması, su itkisinin qarşısını almaqla meliorativ işlərin davam etdirilməsi, eyni zamanda, şorlaşmaya məruz qalmış torpaqların əkin dövriyyəsinə qaytarılmasına nail olunması kənd təsərrüfatında məhsuldarlığın yüksəldilməsinə gətirib çıxaracaq. 

Əminik ki, Prezident İlham Əliyevin diqqət və qayğısı ilə postpandemiya dövründə kənd təsərrüfatının sürətli inkişafı təmin ediləcək, ölkəmiz heç kimdən asılı olmayacaq, insanların ərzaq məhsullarına olan tələbatı daxili imkanlar hesabına ödəniləcək. Azərbaycan pandemiya dövründə olduğu kimi, pandemiyadan sonrakı dövrdə də dünyanın ən qüdrətli dövlətlərindən biri olduğunu sübuta yetirəcək.

  • Paylaş: