Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

AMEA-nın əsas binasında Direktorlar Şurasının ilk iclası keçirildi
12.11.2013 00:00
  • A-
  • A
  • A+

AMEA-nın əsas binasında Direktorlar Şurasının ilk iclası keçirildi

AMEA-da idarəetmə və aparılan islahatların intensivliyinin artırılması, elmi müəssisələr üçün aktual olan məsələlərin geniş müzakirəsi, təcrübə mübadiləsinin aparılması, elmi-tədqiqat işlərinin müasir tələblərə uyğunlaşdırılması üçün yeni mexanizmlərin işlənib hazırlanması və digər məsələlərin birgə həlli məqsədilə AMEA Rəyasət Heyəti xüsusi qərar qəbul etmişdir. Belə ki, AMEA-nın elmi müəssisələrinin Direktorlar Şurası yaradılmış və şuranın tərkibi təsdiq olunmuşdur.

 

Bu gün AMEA-nın əsas binasında Direktorlar Şurasının ilk iclası keçirildi. Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə gündəlikdə duran məsələlər haqqında məlumat verdi. AMEA-nın institut və təşkilatlarının illik hesabatlarının formatında dəyişikliklərin edilməsi barədə danışan alim, akademiyanın fəaliyyətinin daha səmərəli və məqsədəuyğun təşkilinin vacibliyindən söz açdı. Alim bölmələrin fəaliyyətinin gücləndirilməsi məqsədilə mütəmadi olaraq ümumi iclasların keçirilməsi və bu kimi görüşlərdə müvafiq dövlət təşkilatlarından olan mütəxəssislərin iştirakının zəruriliyini ifadə etdi. Akademiyada həyata keçirilən mühüm tədbirlərin kütləvi informasiya vasitələrində işıqlandırılmasının vacibliyini vurğulayan A.Əlizadə bildirdi ki, aparılan elmi-tədqiqat işlərinin, əldə olunan innovativ nəticələrin həm ölkə, həm də dünya ictimaiyyətinə çatdırılması əsas hədəflərdəndir.

 

Prezident İlham Əliyevin gənclərə dəstək məqsədilə verdiyi mühüm və əlamətdar qərarlardan biri olan “Gənclər üçün Prezident Mükafatı”nın ölkə elminin inkişafına ayrılan diqqətin göstəricisi olduğunu dedi. Alim AMEA tərəfindən bu mükafat üçün namizədliyi irəli sürülən gənc kadrların elmi fəaliyyətlərini yüksək qiymətləndirdi.

 

“Azərbaycan Milli Elmlər Akademiyası-2020” proqramının əhəmiyyətini önə çəkən akademik dövlət tərəfindən AMEA üçün ayrılmış büdcə vəsaitindən səmərəli istifadə, prioritet elmi istiqamətlərin müəyyənləşdirilməsi, qrant və layihələrdə iştirakın zəruriliyindən danışdı.

 

Alim, həmçinin doktorant və dissertantların illik hesabatlarının yenidən təşkili, alim və mütəxəssislərin fəaliyyətinin daha da gücləndirilməsi, akademiyanın 70 illik yubileyi ilə əlaqədar təkliflərin hazırlanması prosesinin sürətləndirilməsi və digər məsələlərə toxundu.

 

AMEA prezidentinin müavini-işlər müdiri Fətəli Abdullayev alimlərin sosial problemlərinin həlli ilə bağlı görülən tədbirlər haqqında çıxış etdi. Bildirdi ki, AMEA-da fəaliyyət göstərən alim və mütəxəssislərin mənzil probleminin həlli ilə yanaşı, yaxın gələcəkdə akademiyanın nəzdində müasir tələblərə cavab verən tibbi, ticarət və istirahət mərkəzlərinin də yaradılacağı nəzərdə tutulur. O, bu istiqamətdə mövcud problemlərin kollektiv həllinin zəruriliyini diqqətə çatdırdı.

 

Çıxış edənlər - Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov, AMEA Kibernetika İnstitutunun direktoru, akademik Telman Əliyev, AMEA Radiasiya Problemləri İnstitutunun direktoru, professor Adil Qəribov və digərləri görüşün əhəmiyyətini vurğulayaraq, Direktorlar şurasının təsis olunmasını elmi qurumun gələcək fəaliyyətinin daha səmərəli təşkilində böyük rol oynayacağını bildirdilər.

 

İclasda, həmçinin Azərbaycan alimlərinin qurultayına hazırlıq və elm festivalı, gənc alimlərin AMEA-ya cəlb olunması və Avropa ölkələrində doktorantura təhsili almaq üçün göndərilməsi, institut və təşkilatların rəhbərlik sisteminin gücləndirilməsi, doktoranturaya qəbul vaxtının təyin olunması və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı, rəy və təkliflər səsləndirildi.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: