www.science.az
21.04.2020 13:08

Professor Şahin Fazilin 80 illik yubileyi Tarix İnstitutunun Elmi şurasının iclasında qeyd olunub

AMEA-nın Tarix İnstitutunun Elmi şurasının onlayn iclası keçirilib.

İclasda elmi müəssisənin fəaliyyəti müzakirə olunub. İnstitutun direktoru, akademik Yaqub Mahmudov bildirib ki, qurumun əməkdaşları hazırda öz elmi tədqiqatlarını evdən davam etdirirlər. Tarixçi alimlər müxtəlif mövzular üzərində tədqiqat aparırlar.

Onlayn iclasda, həmçinin institutun Mənbəşünaslıq və tarixşünaslıq şöbəsinin müdiri, professor Şahin Fazilin 80 illiyi qeyd olunub.

Bildirilib ki, görkəmli alim elmi fəaliyyəti dövründə Azərbaycan tarixinə dair yeni əlyazmaları, ilkin mənbələri aşkara çıxarıb. Onun bugünədək 37 kitabı və 300-dən çox elmi məqaləsi çapdan çıxıb. 

Diqqətə çatdırılıb ki, Şahin Fazil orta əsr müəllifləri Həsən bəy Rumlu, İsgəndər bəy Münşi, Jozef Tiflisi və Yan Tadeuş Kruşinskinin əsərlərini Azərbaycan dilinə tərcümə edib. Alimin Azərbaycan tarix elminin inkişafına verdiyi töhfələrdən biri İsgəndər bəy Münşinin “Dünyanı bəzəyən Abbasın tarixi” (“Tarixe-aləmaraye-Abbasi”) əsərini fars dilindən Azərbaycan dilinə tərcümə etməsidir. Onun 80 illiyinə həsr olunan xatirələr kitabı üzərində iş gedir.

Sonda Elmi şura professor Şahin Fazilin Azərbaycan tarix elminin inkişafına verdiyi töhfələri nəzərə alaraq, onun təltif edilməsi ilə bağlı məsələ qaldırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.