AMEA-nın Şəki Regional Elmi Mərkəzinin (Şəki REM) direktoru, fizika üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlü rəhbəri olduğu qurumda 2020-ci ilin I rübü üzrə və martın 29-dan aprelin 19-dək olan müddətdə görülən işlərlə bağlı müsahibə verib. Direktor bildirib ki, 2020-ci ilin birinci yarısından etibarən Şəki REM-nin əməkdaşları 3 istiqamətdə 8 mövzu üzrə elmi-tədqiqat işləri aparır. Nazirlər Kabinetinin Operativ Qərargahının koronavirusla bağlı sərəncamından sonra, mərkəzin Bitkilərin genofondu və biomüxtəliflik, eləcə də Tut ipəkqurdunun seleksiyası şöbələrinin əməkdaşları növbəli şəkildə laboratoriya və çöl işlərini davam etdirirlər. Digər şöbələrin əməkdaşları isə plan üzrə tədqiqatlarını ev şəraitində onlayn şəkildə aparırlar.
Alim qeyd edib ki, Şəki REM-in Bitkilərin biokimyası şöbəsində Şəki-Zaqatala bölgəsinin dağlıq və dağətəyi ərazilərində yayılmış yabanı Şingilə dərman bitkisinin meyvəsində toplanmış maye, quru maddə, sellüloza, kül və digər maddələrin miqdarı öyrənilir, bitkinin yayılma arealından asılı olaraq turşuluğunun (pH) dəyişməsi izlənilir.
Mərkəzin Folklorşünaslıq və el sənətləri şöbəsində toplama və tədqiqat işlərinin davam etdirildiyini deyən alim əməkdaşların “Bölgənin şifahi və yazılı ədəbiyyatının növ və janr xüsususiyyətləri baxımından tədqiqi” mövzusu üzrə araşdırmalar apardığını qeyd edib.
Direktor Bitkilərin genofondu və biomüxtəliflik şöbəsi tərəfindən 2020-ci ilin əvvəlində Şəki, Qax, Zaqatala rayonlarından 1000 ədəd xalq seleksiya sortuna məxsus fındıq tinglərinin gətirildiyini və əkinə hazırlandığını diqqətə çatdırıb: “Fındıq bağı üçün müəyyən olunmuş sahədə 250 ədəd çala qazılıb və hər çalaya 4 ədəd ting qoymaqla əkilməsi planlaşdırılıb”.
Alimin sözlərinə görə, təcrübə sahəsində biomüxtəlifliyin öyrənilməsi məqsədi ilə hər birindən 3 ədəd olmaqla, ağac və kol bitkisi şəklində 17 növ dərman bitkisi əkilməklə, Şəki REM-in yeni Təbabət bağı salınıb. Təbabət bağı üçün əkin materialı mərkəzin nəzarətində olan Baş Şabalıd biosenozu və Şəki rayonunun digər meşəlik ərazilərindən əldə edilib. O, gələcək illərdə Təbabət bağının sahəsinin və buradakı növ sayının artırılmasının nəzərdə tutulduğunu qeyd edib.
Y.Şükürlü 2020-ci ilin aprel ayında rayonlaşdırma məqsədi ilə AMEA-nın Genetik Ehtiyatlar İnstitutu tərəfindən Şəki REM-ə göndərilən, 2 ha ərazidə səpilmiş və normal bitiş əldə olunmuş “Stavrapol” buğda sortlarına gübrə verildiyini, alaqlara qarşı mübarizə aparmaq məqsədilə sahəyə herbisid çiləndiyini nəzərə çatdırıb.
O, həmçinin Tarixi irs və etnoqrafiya, Ekoloji biofizika, Landşaftşünaslıq, Tut ipəkqurdunun seleksiyası və digər şöbələrdə görülən işlər, aparılan araşdırmalar, həyata keçirilən layihələr barədə məlumat verib.
Mərkəzin direktoru bütün bu işlərin koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikası ərazisində geniş yayılmasının qarşısının alınması üzrə dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində yerinə yetirildiyini diqqətə çatdırıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.