www.science.az
21.10.2014 00:00

Professor Şahvələd Xəlilovun anadan olmasının 75 illik yubileyinə həsr edilmiş tədbir keçirilib

AMEA akad. Həsən Əliyev adına Coğrafiya İnstitutundagörkəmli alim, AMEA-nın müxbir üzvü, coğrafiya elmləri doktoru, professor Şahvələd Xəlilovun anadan olmasının 75 illik yubileyinə həsr edilmiş tədbir keçirilib.

Tədbiri giriş sözü ilə institutun direktoru, akademik Ramiz Məmmədov açaraq görkəmli tədqiqatçı alim Ş.Xəlilovun coğrafiya elminə verdiyi dəyərli töhfələrdən danışıb. Bildirib ki, alim Azərbaycan coğrafiyaçıları içərisində ilk dəfə yeni su anbarlarının səmərəli yerləşdirilməsinin əsas ekoloji-coğrafi prinsiplərini işləyib hazırlamış, mövcud su anbarlarının ətraf mühitə neqativ təsirlərinin, o cümlədən onların lillənməsi və sahillərinin dinamikasının intensivliyi proqnozunu vermişdir.

Sonra institutun Coğrafi fikir tarixi şöbəsinin müdiri, c.ü.f.d. Habil Haqverdiyevalimin həyat və yaradıcılığı haqqında məruzə ilə çıxış edib. Bildirib ki, Ş.Xəlilov coğrafiyaşünas alim olmaqla yanaşı, eyni zamanda, ictimai xadim, Azərbaycan EA partiya komitəsinin katibi, Bakı Şəhər Sovetinin deputatı, Azərbaycan müstəqillik əldə etdikdən sonra YAP Yasamal rayon təşkilatının əsas təşkilatçılarından biri, AR Prezidenti yanında AAK Ekspert şurasının üzvü olmuşdur.

Tədbirdə çıxış edən BDU-nun Coğrafiya fakültəsinin dekanı, professor Fərda İmanov, Təbiəti mühafizə kafedrasının müdiri, professor Şövqi Göyçaylı, İqtisadi coğrafiya kafedrasının müdiri, professor Tapdıq Həsənov, BDU Həmkarlar Komitəsinin sədri, dosent Fikrət Şiriyev, ADPU-nun Coğrafiya fakültəsinin dekanı, c.ü.f.d. Mətanət Əsgərova, Coğrafiya institutunun Ekocoğrafiya şöbəsinin müdiri, a.e.ü.f.d. Ənvər Əliyev, institutun Qurunun hidrologiyası şöbəsinin müdiri, c.e.d.Rəna Qaşqay və başqaları Ş.Xəlilovla bağlı xatirələrini bölüşüblər.

Sonda alimin ailəsi adından çıxış edən oğlu atasının xatirəsinə göstərilən hörmət və ehtirama görə tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.