www.science.az
20.04.2020 13:19

Türkiyədə yerli mexaniki süni tənəffüs cihazı istehsal edilib

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Maşınqayırma və Kimya Sənayesi Təşkilatı (MKEK) tərəfindən yerli və milli imkanlardan istifadə edilərək “Səhra” adı verilən mexaniki süni tənəffüs aparatı istehsal edildiyini bildirib.

Yeni cihazın dizayn və istehsalının türkiyəli mütəxəssislərə aid olduğunu deyən nazir yaxın günlərdə prototipin təkmilləşdiriləcəyini qeyd edib. O, həmçinin “Səhra”nın dünyadakı oxşar cihazlardan daha ucuz başa gəldiyini və məqsədin həftədə 500 ədəd mexaniki süni tənəffüs aparatı istehsal etmək olduğunu deyib.

Türkiyənin yeni növ koronavirusla durmadan mübarizə apardığını vurğulayan H.Akar ölkənin Milli Müdafiə Nazirliyinin də bu işdə üzərinə düşən öhdəliyi yüksək səviyyədə yerinə yetirməyə çalışdığını vurğulayıb.

H.Akar nazirliyin qoruyucu tibbi ləvazimatların istehsalında əhəmiyyətli addımlar atdıqlarını da qeyd edib. O, hazırda ölkədə maska, xüsusi geyim və dezinfeksiya vasitələrinin istehsalının davam etdiyini deyib.

hurriyet.com.tr