www.science.az
18.04.2020 15:50

18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür

Aprelin 18-i dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur. Bu əlamətdar gün Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (ICOMOS) təklifi ilə UNESCO tərəfindən 1983-cü ildə təsis olunub. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir.

Bu əlamətdar gün ölkəmizdə də geniş qeyd olunur. Hər il bu tarixdə qoruqlarda, tarixi məkanlarda abidələrin və tarixi yerlərin qorunmasının təbliği məqsədilə müxtəlif tədbirlər, sərgilər təşkil olunur, “Açıq qapı” günü elan edilir. 

Lakin bu il koronavirus pandemiyası ilə əlaqədar Azərbaycanda karantin rejimi tətbiq olunduğundan Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə bağlı nəzərdə tutulmuş müxtəlif tədbirlər təxirə salınıb. Buna baxmayaraq, Mədəniyyət naziri Əbülfəs Qarayevin sədrliyi ilə 18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş videokonfrans keçirilib. Eyni zamanda, karantin rejimi şəraitində internet üzərindən tarixi abidələrimizə ekskursiyalar təşkil olunmaqdadır.

AMEA-nın Arxeologiya və Etnoqarafiya İnstitutu da hər il bu əlamətdar günün qeyd edilməsi ilə bağlı müxtəlif tədbirlər həyata keçirir. Belə ki, institut tərəfindən son illərdə aparılan arxeoloji tədqiqatlar nəticəsində yeni abidələr aşkar edilərək öyrənilib. Ölkəmizin tarixi keçmişinin qaranlıq səhifələrinə aydınlıq gətirən son illərin arxeoloji tədqiqatları Azərbaycanın zəngin mədəni irisinin qədimliyini tutarlı elmi nəşrlərlə dünya elmi ictimaiyyətinə çatdırıb.

Hazırda institut əməkdaşları ölkəmizdə xüsusi karantin rejimi şəraitində öz tədqiqatlarını davam etdirirlər. Bu baxımdan "Facebook" sosial şəbəkəsində “Arxeoloqlar karantində” qapalı qrupu yaradılıb. Məqsəd karantin rejimində əməkdaşların tədqiqat işlərinin davam etdirilməsi üçün qarşılıqlı işgüzar əlaqələrin yaradılmasına dəstək olmaqdan ibarətdir.

Bundan başqa, institut əməkdaşları Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr edilmiş “Azərbaycan arxeologiyasının uğurları və problemləri, tarixi abidələrimizin qorunması və gələcək istifadəsi” mövzusunda videokonfrans  təşkil ediblər. Videokonfransda ölkəmizdə arxeologiya sahəsində əldə olunan nailiyyətlər, mövcud problemlər, o cümlədən abidələrimizin ictimailəşdirilməsi məqsədilə gələcəkdə görüləcək işlərə dair yeni yanaşmaların müzakirəsi nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.