Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Şərqşünaslıq İnstitutunun fəaliyyəti onlayn iclasda müzakirə edilib
18.04.2020 12:44
  • A-
  • A
  • A+

Şərqşünaslıq İnstitutunun fəaliyyəti onlayn iclasda müzakirə edilib

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşları xüsusi karantin dövründə səmərəli fəaliyyətlərini evdən davam etdirirlər. Görülən işləri müzakirə etmək və qarşıda duran vəzifələri müəyyənləşdirmək məqsədilə aprelin 17-də institutun direktoru, akademik Gövhər Baxşəliyevanın rəhbərliyi ilə institut əməkdaşlarının onlayn iclası keçirilib.

İclasda koronavirus pandemiyası ilə mübarizə məqsədilə sosial izolyasiya dövründə əməkdaşların iş potensialı və görülən işlər müzakirə olunub. Qeyd olunub ki, AMEA prezidenti, akademik Ramiz Mehdiyevin tapşırığı və sərəncamı ilə Şərqşünaslıq İnstitutu da öz iş rejimini mövcud şəraitə uyğun davam etdirir. Əməkdaşlar nəzərdə tutulan plan üzrə tədqiqatlarını davam etdirirlər, araşdırmaların nəticələrini nüfuzlu elmi jurnallara, müxtəlif elmi məcmuələrə təqdim edirlər. Bu jurnallar sırasında institutun elmi nəşrləri olan “Şərq araşdırmaları” elmi-nəzəri jurnalı və “Şərq filologiyası məsələləri” məqalələr toplusu da mövcuddur.

Onlayn iclasda “Şərq araşdırmaları” jurnalına qəbul edilən məqalələr barədə məlumat verilib. Çapa tövsiyə olunan bu məqalələr sırasında institut əməkdaşlarından f.ü.f.d. Roida Rzayevanın “Postmodern diskursunda qloballaşma və hibridlik”, fil.ü.f.d. Rəşid Təhməzoğlunun “Hüseyn Nihat Atsızın “Bozqurdlar” romanında qədim türklər”, i.ü.f.d. Məmmədəli Babaşlının “İslam dinində həmrəylik anlayışı və müasir dövrün çağırışları baxımından əhəmiyyəti” və s. məqalələr yer alıb.

İclasda institutun İran filologiyası şöbəsinin əməkdaşı Aybəniz Həsənovanın yeni nəşr olunmuş “Cənubi Azərbaycanın türk (Azərbaycan) oykonimləri” kitabı təqdim olunub.

Daha sonra akademik Gövhər Baxşəliyeva sentyabr ayında Şərqşünaslıq İnstitutunun təşkilatçılığı ilə keçiriləcək Şərq xalqlarının I Bakı Qurultayının 100 illiyinə həsr olunan “Şərqin aktual problemləri 100 il öncə və bu gün” adlı respublika elmi konfransı ilə əlaqədar nəzərdə tutulan işlərlə bağlı müvafiq tapşırıqlar verib. Alim qeyd edib ki, 10 il əvvəl, 2010-cu il noyabrın 23-24-də Şərqşünaslıq İnstitutu Beynəlxalq Sosial Tarix İnstitutu (Niderland) ilə birlikdə qurultayın 90 illiyinə həsr olunmuş “Şərq xalqlarının Bakı qurultayı – 1920: tarix və reallıqlar” adlı beynəlxalq konfrans keçirib. Bu qurultay bir çox cəhətlərdən – istər 1920-ci illərdə Şərq xalqlarının problemlərinin dəyərləndirilməsi baxımından, istərsə də Şərq xalqlarının bugünkü mürəkkəb durumu və Yaxın Şərqdə baş verən hadisələrin aktuallığı nəzərə alınmaqla əhəmiyyətlidir. Bu səbəbdən Şərq xalqlarının I qurultayının 100 illiyinə həsr olunmuş respublika elmi konfransının keçirilməsi məqsədəuyğun hesab olunur.

Elmi müəssisənin əməkdaşları pandemiyanın yayılmasının qarşısının alınması məqsədilə dövlətimiz tərəfindən həyata keçirilən tədbirləri dəstəklədiklərini bildirib, institutun fəaliyyətinin koordinasiyası məqsədilə onlayn iclasların mütəmadi keçirilməsinin əhəmiyyətini qeyd ediblər.

İclasda şöbə müdirləri, eləcə də elmi işçilər iştirak ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: