www.science.az
22.10.2014 00:00

“Sələflər və xələflər” I Beynəlxalq simpoziumu öz işinə başladı

Bu gün AMEA İnformasiya Resursları Mərkəzində görkəmli mütəfəkkir Əli bəy Hüseynzadənin 150 və tanınmış türkoloq-dilçi alim, akademik Məmmədağa Şirəliyevin 105 illik yubileylərinə həsr olunan “Sələflər və xələflər” I Beynəlxalq simpoziumu öz işinə başladı.

Beynəlxalq simpoziumda 12-dən çox xarici ölkədən, o cümlədən Türkiyə, Qazaxıstan, Polşa, Albaniya, Ukrayna, Əfqanıstan, Özbəkistan, Böyük Britaniya və Bolqarıstandan olan nümayəndələr iştirak edirdilər.

Öncə Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi.

Tədbiri giriş sözü ilə açan Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyev simpoziumun əhəmiyyətindən söhbət açdı. Bildirdi ki, tədbirin əsas məqsədi türk dünyasının görkəmli dilçilərini yeni nəslə tanıtmaqla yanaşı, türk dünyasının müxtəlif nəsillərdən olan nümayəndələrini, xüsusilə gənc dilçiləri bir araya gətirməkdir. Eyni zamanda, beynəlxalq əməkdaşlığı genişləndirərərk təcrübə mübadiləsi aparmaq, milli dəyərləri, elmi nailiyyətləri dünyaya təqdim etməkdir. Natiq “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın yerinə yetirilməsi sahəsində görülən işlər haqqında da məlumat verdi.

Sonra AMEA Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli AMEA prezidenti, akademik Akif Əlizadənin iştirakçılara ünvanladığı məktubu səsləndirdi.

Azərbaycan Respublikası Prezidentinin millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, akademik Kamal Abdullayev çıxışında Əli bəy Hüseynzadə və Məmmədağa Şirəliyevin Azərbaycan dilçiliyinin inkişafındakı rolundan söhbət açdı: “Bu gün sələflər və xələflərin arasında münasibətin yaranmasında, mənəvi estafetin ötürülməsində görülən tədbirlər böyük əhəmiyyət kəsb edir. Əminəm ki, bu simpozium ənənəvi xarakter daşıyacaq və bu qəbil tədbirlər müxtəlif ölkələrdə də keçirilərək türk dünyasının dilçilərini vaxtaşırı bir araya gətirəcək”.

Simpoziumda çıxış edən professorlar Zeyneb Korkmaz (Tükiyə), Erden Kajibek (Qazaxıstan), Hamza Zülfikar (Türkiyə) və digərləri simpozium çərçivəsində müzakirə olunacaq müasir dilçiliyin problemlərindən bəhs etdilər.

Tədbir çərçivəsində professor Zeyneb Korkmaz və akademik Kamal Abdullayev akademik Məmmədağa Şirəliyev adına mükafatla təltif olundular.

Simpozium öz işini bölmə iclasları üzrə davam etdirdi. Bölmə iclaslarında dilçiliyin müxtəlif sahələrini əhatə edən 90-dan artıq məruzənin dinləniləcəyi nəzərdə tutulur.

Qeyd edək ki, simpoziumun Əli bəy Hüseynzadə ilə bağlı xüsusi bölməsi oktyabrın 23-də Qafqaz Universitetində keçiriləcək.

Simpozium oktyabrın 24-də başa çatacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.