Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

AMEA-nın müxbir üzvü Oktay Qasımov: "Biofizika İnstitutunda 6 birgə qrant layihəsi üzrə elmi tədqiqat işləri davam etdirilir"
17.04.2020 13:02
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Oktay Qasımov: "Biofizika İnstitutunda 6 birgə qrant layihəsi üzrə elmi tədqiqat işləri davam etdirilir"

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkə ərazisində bəzi sosial təcrid tədbirləri barədə 2020-ci il 14 mart tarixli qərarına əsasən respublikanın bütün elmi-tədqiqat müəssisələri iş fəaliyyətlərinin eksperimetal hissəsini müvəqqəti dayandırıb. Məlum qərarla bağlı AMEA-nın Biofizika İnstitutunun kollektivi elmi fəaliyyətlərini sosial izolyasiya və xüsusi karantin rejiminin şərtlərinə əməl etməklə davam etdirirlər.

Bu barədə Biofizika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Oktay Qasımov məlumat verib. Alim bildirib ki, qurumun elmi işçiləri tərəfindən 2020-ci ilin Fəaliyyət planında nəzərdə tutulan elmi-tədqiqat işlərinin müəyyən hissəsi yanvar-mart ayları ərzində yerinə yetirilib. Hazırda bu tədqiqatların nəticələri əsasında məqalələr yazılır, çapa hazırlanacaq materialların redaktəsi üzərində işlər görülür. Onun sözlərinə görə, artıq 5-dən çox məqalə “Azərbaycan kimya jurnalı”,  “Международный журнал прикладных и фундаментальных исследований”, “Биомедицина” kimi elmi-tədqiqat jurnallarına çapa qəbul edilib. Həmçinin institutun İnteqrativ biologiya laboratoriyasında müxtəlif koronavirusların genomlarının təşkili və zülallarının müqayisəli analizi üzrə elmi tədqiqat işlərinə başlanılıb.

Direktor elmi müəssisədə 4 beynəlxalq və 2 ölkədaxili olmaqla, 6 birgə qrant layihələri üzrə elmi tədqiqat işlərinin davam etdirildiyini də bildirib. Alim bunun üçün xüsusi karantin rejiminə qədərki müddətdə (yanvar-mart ayları ərzində) layihələr üzrə aparılmış tədqiqatların müzakirə olunduğunu, alınmış nəticələrin analiz olunaraq yekunlaşdırıldığını və bunların əsasında məqalələrin çapa hazırlandığını qeyd edib.

"Karantin rejimi müddətində AMEA və İtaliya Milli Tədqiqatlar Şurası (CNR) arasında imzalanmış elmi əməkdaşlıq sazişi üzrə müştərək proqram çərçivəsində 2020-2021-ci illər üçün elan edilmiş müsabiqənin nəticələrinə görə, AMEA-nın Biofizika İnstitutu ilə İtaliyanın Makromalekulyar Tədqiqatlar İnstitutunun “Funksional amilodlərin aqreqasiya modulyatorları: İpək fibroini Alzeymer xəstəliyi patogenezinin tədqiqi üçün ucuz model kimi” adlı birgə qrant layihəsi qalib seçilib. Bu layihə üzrə birgə məqalə artıq çapa hazırlanıb." - deyə Oktay Qasımov bildirib.

O, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin müvafiq sərəncamına uyğun olaraq 3 aprel 2020-ci il tarixindən etibarən akademiyanın magistrantları üçün başlanan distant tədris prosesinin institutun professor-müəllim heyəti tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: