Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Botanika İnstitutunun “Plant & Fungal Research” jurnalının növbəti nömrəsi hazırlanır
17.04.2020 11:21
  • A-
  • A
  • A+

Botanika İnstitutunun “Plant & Fungal Research” jurnalının növbəti nömrəsi hazırlanır

AMEA-nın Botanika İnstitutunun dövrü nəşri olan “Plant & Fungal Research” jurnalı 2018-ci ildə təsis edilib. Jurnal əsasən Azərbaycan alimlərinin müasir elm aləminə beynəlxalq inteqrasiyasını təmin etmək və xarici ölkələrin aparıcı alimlərini jurnalın formalaşması üzrə fəal iştiraka cəlb etmək məqsədini daşıyır. Bu məqsədə çatmaq üçün qarşıda duran əsas vəzifə ölkəmizdə bitki və göbələk sahəsində aparılan tədqiqatları müasir tələblərə uyğunlaşdırmaq, çap olunan elmi əsərlərin səviyyəsini yüksəltmək və beynəlxalq miqyaslı tədqiqat işləri sırasına əlavə etməkdən ibarətdir. Bu fəaliyyət AMEA-nın 2020-2025-ci illər üçün Milli İnkişaf Proqramının müvafiq bəndlərinə tam cavab verir və yeni çağırışların həllinə yönəldilib.

Jurnal bu yaxınlarda Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının biologiya və aqrar elmləri üzrə məqalələrin ölkəmizdə dərc olunması tövsiyə edilən dövrü elmi nəşrlərin siyahısına daxil edilib. Həmçinin sevindirici haldır ki, jurnalın üç nömrəsində təqdim edilən məqalələr üçün Beynəlxalq Obyektin Rəqəmsal İdentifikatoru – DOI nömrələr alınıb və jurnalın internet saytına (www.plantfungalres.az) yerləşdirilib.

Dünyada koronavirus (COVID-19) təhlükəsinin miqyasının durmadan genişləndiyi, həmçinin respublikanın bu problemlə üzləşdiyi bir zamanda karantin rejimi şəraitində redaksiya heyətinin üzvləri həm yerli, həm də beynəlxalq səviyyədə əməkdaşlığı əzmkarlıqla davam etdirirlər. Artıq jurnalın 2020-ci ilin iyun ayı üçün nəzərdə tutulan 4-cü nömrəsinin tərtibatına başlanılıb.

Qeyd edək ki, beynəlxalq tələblərə uyğun rəsmi təsdiq edilmiş jurnala məqalələr ingilis dilində və yalnız elektron formada birbaşa internet saytı üzərindən ilboyu göndərilə bilər. Nəşrin internet saytında yer alan məqalələr texniki baxışdan keçirildikdən sonra rəy alınması üçün müvafiq xarici mütəxəssislərə göndərilib və hazırda onların bir çoxuna dair rəylər redaksiyaya daxil olub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: