www.science.az
22.10.2014 00:00

AMEA Elmi İnnovasiyalar Mərkəzinin əməkdaşı beynəlxalq treninq-seminarda iştirak edib

13-17 oktyabr 2014-cü il tarixlərində Qazaxıstanda, Astana şəhərində “Elmi-tədqiqat layihələrinin hazırlanması və texnoloji sahibkarlığın inkişafı” mövzusunda beynəlxalq treninq-seminar keçirilib. Treninq-seminar Elm, Təhsil və Mədəniyyət üzrə Birləşmiş Millətlər Təşkilatının dəstəyi, Beynəlxalq Elm, Texnologiya və İnnovasiya Mərkəzi (ISTIC) və Qazaxıstan Dövlət Elmi-Texniki Ekspertiza Milli Mərkəzinin (NCSTE) təşkilatçılığı ilə həyata keçirilib.

Müxtəlif ölkələrin texnoloji sahibkarlıq, texnologiyaların kommersiyalaşdırılması, əqli mülkiyyət, patent hüququ və ETTKİ sahələri üzrə ixtisaslaşmış nümayəndələrinin iştirak etdiyi tədbirdə ölkəmizi AMEA Elmi İnnovasiyalar Mərkəzinin direktor müavini Mahir Muxtarov təmsil edib.

Tədbirin məqsədi texnologiya, patent, elmi-tədqiqat və onların nəticələrinin kommersiyalaşdırılması müsabiqələrində iştirak üçün uğurlu layihələrin hazırlanmasını öyrətmək idi. Treninq-seminar çərçivəsində, həmçinin iştirakçılara elm və texnologiyanın inkişafına əsaslanan uğurlu biznesin yaradılması imkanları, elmi-tədqiqat işləri, planlaşdırma, innovativ düşüncə tərzi, faydalı ideya, imkanlar, biznes model, biznes planlaşdırma, maliyə və əqli mülkiyyət məsələlərinə dair mühazirələr oxunub.

 

Seminarın sonunda iştirakçılara beynəlxalq sertifikatlar təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.