Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Coğrafiya İnstitutu karantin dövründə elmi və təşkilati fəaliyyətini davam etdirir
16.04.2020 12:46
  • A-
  • A
  • A+

Coğrafiya İnstitutu karantin dövründə elmi və təşkilati fəaliyyətini davam etdirir

Yeni növ koronavirusun (COVID-19) pandemiya halını alması, eləcə də AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin müvafiq tapşırıq və göstərişlərinə əsasən, Coğrafiya İnstitutunun əməkdaşları elmi fəaliyyətlərini məsafədən davam etdirirlər. İnstitutun alim və mütəxəssisləri karantin dövrünün tələblərinə uyğun olaraq, əlaqədar müəssisə və təşkilatlarla distant şəkildə əlaqə saxlayır, lazımi məlumatları əldə edir, araşdırmalar aparırlar.

Belə ki, institutun Lanşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin müdiri, coğrafiya üzrə fəlsəfə doktoru Mirnuh İsmayılov su çatışmazlığı şəraitində Azərbaycanda “Təmiz əllər” kampaniyasının uğurla həyata keçirilməsi, Ekocoğrafiya şöbəsinin müdiri, aqrar üzrə fəlsəfə doktoru Ənvər Əliyev karantin şəraitində ölkədə ekoloji vəziyyət, Tibbi coğrafiya şöbəsinin müdiri, coğrafiya üzrə fəlsəfə doktoru Solmaz Rzayeva COVID-19-un Azərbaycan ərazisində yayılmasının fəsadları, Geoinformatika və kartoqrafiya şöbəsinin böyük elmi işçisi Yaşar Nəsibli Coğrafi İnformasiya Sistemlərinin proqram təminatının istifadəsilə müasir rəqəmsal xəritə bazalarının hazırlanması sahəsində, eləcə də digər mövzularda tədqiqatlar aparırlar. Alimlər, həmçinin distant elmi seminarlar üçün elektron məruzələr hazırlayırlar.

Bu barədə Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov müsahibəsində məlumat verib. 

İnstitut direktoru qeyd edib ki, karantin dövründə əməkdaşlar KİV nümayəndələrinə çoxsaylı müsahibələr verir, “Türk dünyasının coğrafiyası və etnosu” üçcildliyi üzərində işləri davam etdirilirlər: "Bu yaxınlarda sonuncu cildin tamamlanması gözlənilir. Bununla yanaşı, qurumun əməkdaşları tərəfindən yazılmış məqalələr onlayn şəkildə yoxlanılaraq redaktə edilir və çapa hazırlanır".

Alim vurğulayıb ki, Coğrafiya İnstitutu Ümumdünya Səhiyyə Təşkilatının “Təmiz əllər” kampaniyasını elan etdiyi ilk günlərdən bu tədbirə qoşulub və coğrafiyaçılar estafeti bir-birlərinə ötürərək aksiyanı “Facebook” sosial şəbəkəsi vasitəsi ilə bügünədək davam etdirirlər.

R.Məmmədov əlavə edib ki, mart ayının əvvəllərindən başlayaraq Coğrafiya İnstitutunun rəsmi gsaz.az veb-saytı ictimaiyyətin məlumatlandırılması üçün mühüm hesab olunan çap materiallarını AMEA-nın science.az saytına istinad edərək, mütəmadi olaraq öz səhifələrində işıqlandırır.

İnstitut əməkdaşlarının iştirak etdiyi beynəlxalq layihələrdən söz açan direktor hazırda bu layihələr üzərində işlərin davam etdirildiyini bildirib.

O, həmçinin qeyd edib ki, institutda 3 ixtisas üzrə təhsil alan 5 magistrant aprel ayının əvvəlindən distant dərslərə başlayıb.

Sonda akademik R.Məmmədov bildirib ki, institut əməkdaşlarının karantin dövründəki fəaliyyəti Coğrafiya İnstitutunun veb-saytı və “Facebook” sosial şəbəkəsindəki səhifəsi vasitəsilə paylaşılır və rəhbərlik tərəfindən nəzarət olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

 

  • Paylaş: