www.science.az
17.10.2014 00:00

Akademik Məmmədpaşa Quluzadənin 100 illik yubileyi qeyd edildi

Bu gün AMEA-nın Əsas binasında Yer Elmləri Bölməsinintəşkilatçılığı ilə Əməkdar Elm Xadimi, Əməkdar Mühəndis, Dövlət Mükafatı laureatı, akademik Məmmədpaşa Quluzadənin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirildi.

Tədbiri giriş sözü ilə açan AMEA prezidenti, akademik Akif Əlizadə dünya şöhrətli alimin şərəfli həyat yolundan, pedaqoji fəaliyyətindən, Azərbaycanda neft sənayesinin formalaşmasında və inkişafındakı misilsiz xidmətlərindən söhbət açdı. Bildirdi ki, akademik M.Quluzadə elmi-tədqiqat işlərini neft elminin və texnikasının inkişafına, xüsusən də neft və qaz quyularının qazılma texnologiyasının nəzəriyyə və təcrübəsinə həsr edib. Dərin biliyi, zəngin istehsalat təcrübəsi ona qazmanın mürəkkəb nəzəri və texnoloji problemlərini müvəffəqiyyətlə həll etməyə imkan verib. Görkəmli alim, ziyalı, neftçi kimi Azərbaycan elmində Məmmədpaşa Quluzadənin öz məktəbi, dəst-xətti var.

Sonra professor Əli Nazim Məmmədtağızadə “Dünya şöhrətli neftçi-alim Məmmədpaşa Quluzadə” mövzusunda məruzə ilə çıxış etdi. Bildirdi ki, M.Quluzadə 1927-ci ildə Nəriman Nərimanov adına Sənaye Texnikumuna daxil olub. 1932-ci ildə Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) neft-mədən fakültəsinə daxil olub və 1938-ci ildə bu ali təhsil ocağını fərqlənmə diplomu ilə bitirərək, qazma üzrə dağ mühəndisi ixtisasına yiyələnib.

1946-cı ildən başlayaraq Məmmədpaşa Quluzadənin əmək fəaliyyəti Azərbaycan Sənaye İnstitutu ilə bağlı olub. O, 1946-cı ildə institutun əyani aspiranturasında oxuyub, namizədlik və doktorluq dissertasiyalarını müdafiə edib. 1951-1964-cü illərdə ardıcıl olaraq assistent, dosent, professor, neft və qaz quyularının qazılması kafedrasının müdiri, institutun elmi işlər üzrə prorektoru vəzifələrində işləyib, elmi və pedaqoji fəaliyyətini uğurla davam etdirib.

Ə.Məmmədtağızadə qeyd etdi ki, akademik M.Quluzadə 400 elmi əsərin, o cümlədən 15 monoqrafiya, 15 ixtira və kəşflərin və Azərbaycan dilində yazılmış ilk fundamental dərsliklərin, dərs vəsaitlərinin müəllifidir. O, bilavasitə rəhbərlik etdiyi 10 elmlər doktorunun elmi məsləhətçisi olub və 45 texnika üzrə fəlsəfə doktoru hazırlayıb.

M.Quluzadə məhsuldar elmi fəaliyyəti ilə yanaşı, ömrünün 50 ildən çoxunu yorulmadan yüksək ixtisaslı neftçi mühəndislərin hazırlanmasına sərf edib.

Tədbirdə çıxış edən akademik İsmayıl İbrahimov, AMEA-nın mübir üzvləri Qabil Əfəndiyev, Elmira Ramazanova, Ramiz Qurbanov, texnika üzrə fəlsəfə doktoruSəlahəddin Əyyubov və başqaları alimlə bağlı xatirələrini bölüşdülər, M.Quluzadəni təkcə böyük alim deyil, həm də böyük insan kimi xarakterizə etdilər.

Alimin ailəsi adından çıxış edən Piri Quluzadə atasının xatirəsinə göstərilən hörmət və ehtirama görə tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.