Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Aşqarlar Kimyası İnstitutu fəaliyyətini onlayn rejimdə davam etdirir
15.04.2020 12:21
  • A-
  • A
  • A+

Aşqarlar Kimyası İnstitutu fəaliyyətini onlayn rejimdə davam etdirir

Koronavirus pandemiyası ilə əlaqədar Azərbaycanda ölkə səviyyəsində karantin rejimi tətbiq olunduğundan AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin müvafiq sərəncam və tapşırıqlarına uyğun olaraq, Aşqarlar Kimyası İnstitutu da öz fəaliyyətini onlayn rejimdə davam etdirir.

Bu barədə institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, kimya elmləri doktoru, dosent Əfsun Sucayev məlumat verib. O, bildirib ki, bu məqsədlə institut rəhbərliyi tərəfindən fəaliyyət planı hazırlanıb və plana uyğun olaraq müvafiq laboratoriya və şöbə rəhbərlərinə göstərişlər verilib.

Ə.Sucayev qeyd edib ki, institutda təhsil alan magistrantlar üçün distant təhsil təşkil olunub. Mühazirə və seminar dərslər video-təqdimatlar əsasında aparıcı alimlər tərəfindən həyata keçirilir: “Eyni zamanda, institutun II kurs magistrantlarının elmi-pedaqoji təcrübələri də distant üsulla icra olunur, təcrübəçi magistrantların keçdiyi dərslərin geniş müzakirəsi aparılır. Onların diplom işlərinin yazılıb yekunlaşması üçün elmi rəhbərləri tərəfindən müvafiq onlayn məsləhət saatları təşkil edilir”.

O, əlavə edib ki, hazırki dövrdə institutun elmi fəaliyyətində daha çox önəm verilən məsələlərdən biri də müştərək beynəlxalq tədqiqatlarla bağlıdır. Hazırda fundamental nəzəri tədqiqatlarla əlaqədar institut tərəfindən 4 beynəlxaq tədqiqat qrupu yaradıb. Həmin tədqiqat qrupları ilə “Skype” vasitəsilə videokonfranslar keçirilir: “2020-ci ilin Fəaliyyət planında nəzərdə tutulan laboratoriya tədqiqatları yanvar-mart ayları ərzində yerinə yetirilib. Hazırda bu tədqiqatların mühüm nəticələri əsasında məqalələr yazılır, “Web of Science”, “Scopus” bazasına daxil olan nüfuzlu jurnallara çapa göndərilir. Ümumilikdə bu müştərək tədqiqatların nəticələri ilə bağlı 10-15 məqalənin nəşr olunması nəzərdə tutulub”.  

Ə.Sucayev vurğulayıb ki, institut alimləri tərəfindən 2 monoqrafiya və magistrantlar üçün 2 dərs vəsaitinin hazırlanması üzərində işlər davam etdirilir.

Şura sədri, həmçinin qeyd edib ki, bu ilin may ayında AMEA-nın 75 və Aşqarlar Kimyası İnstitutunun yaranmasının 55 illiyi ilə əlaqədar elmi seminar və müsabiqələrin keçirilməsi nəzərdə tutulub. Alim bildirib ki, koronavirus pandemiyası ilə əlaqədar karantin rejiminin vaxtı uzadılarsa bu vacib tədbirlər onlayn rejimdə keçiriləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: