Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Ulduz Həşimova: “Fiziologiya İnstitutunun laboratoriyalarının iş planlarında müvafiq dəyişikliklər edilib”
14.04.2020 15:09
  • A-
  • A
  • A+

Ulduz Həşimova: “Fiziologiya İnstitutunun laboratoriyalarının iş planlarında müvafiq dəyişikliklər edilib”

Respublikada koronavirus pandemiyası ilə bağlı dövlət tərəfindən görülən zəruri tədbirlər, o cümlədən infeksiyanın sürətlə yayılmasının qarşısının alınması üçün xüsusi karantin rejiminin tətbiqi bu gün hər birimizin üzərinə yeni vəzifələr qoyur. Bu vəzifələrin dəqiq və məsuliyyətlə yerinə yetirilməsi dövlətin həyata keçirdiyi fəaliyyətin nə dərəcədə effektiv olduğunu şərtləndirən amillərdəndir.

Bu fikirlər AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun direktoru, biologiya üzrə elmlər doktoru Ulduz Həşimovanın müsahibəsində yer alıb. Alim bildirib ki, ilk olaraq, yerinə yetirilməsi çox asan olan, eyni zamanda, sosial məsuliyyət hissi tələb edən “Evdə qal” layihəyəsinə qoşularaq, özünün və yaxınlarının sağlamlığını qorumaq, bununla da ölkə rəhbərliyinin pandemiyanın qarşısının alınması üçün tibbi, sosial və digər sahələrdə atdığı ciddi, böyük xərclər tələb edən addımlara dəstək vermək hər birimizin borcudur.

Direktor qeyd edib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın 20 mart 2020-ci il tarixdən bir sıra dövlət qurumlarının, o cümlədən AMEA əməkdaşlarının martın 29-dan 1 ay müddətinə növbədənkənar məzuniyyətə göndərilməsi haqqında qərarı artıq qüvvəyə minib. Buradan əməkdaşları məzuniyyətə gedən təşkilatların fəaliyyətlərinin tam dayanmaması və “koronavirus məzuniyyətindən” qayıdandan sonra fəaliyyətin daha tez bərpası ilə bağlı ikinci vacib vəzifə irəli çıxır.

Alim AMEA-nın Fiziologiya İnstitutunda rəsmi olmasa da, mahiyyətcə fövqəladə olan bu vəziyyətdə qurumun elmi-təşkilati fəaliyyətinin tənzimlənməsi istiqamətində müəyyən işlərin görüldüyünü, laboratoriyaların iş planlarında müvafiq dəyişikliklərin edildiyini deyib: “Bizim institutun elmi işlərinin əsasını eksperimental tədqiqatlar təşkil etdiyi üçün bu dəyişikliklər ilk növbədə, təcrübələrin aparılması ilə bağlı fəaliyyətdə əksini tapıb. Belə ki, yaranmış vəziyyətlə bağlı əvvəlcədən planlaşdırılmış bütün təcrübələr təxirə salınıb. Karantin müddətində təcrübədə olan eksperimental heyvanlar institutun vivarisinə köçürülüb, onlara qulluq etmək məqsədilə müvafiq əməkdaşlara xüsusi qrafik üzrə işə çıxmaq üçün icazə verilib”.

Ulduz Həşimovanın sözlərinə görə, bu müddətdə institutun elmi potensialı son illər əldə edilmiş nəticələrin təhlili, ümumiləşdirilməsi, eləcə də icmal və məqalələrin hazırlanmasına, o cümlədən Biologiya və Tibb Elmləri Bölməsindən, AMEA Rəyasət Heyəti aparatından gələn qərar və sərəncamların, tapşırıqların icrasına yönəldilib. Son 10 ildə Fiziologiya İnstitutunda əldə edilmiş ən mühüm elmi nəticələr artıq tərtib edilib və bölməyə təqdim olunub.

O, bildirib ki, hazırda elmi müəssisənin əməkdaşları institutun yarandığı gündən ölkəmizdə fiziologiya elminin inkişafı, xüsusilə bu sahədə əldə olunan nailiyyətlər haqqında məlumatları toplayaraq icmal məqalə üzərində çalışır. Qeyd edib ki, cari ildə Fiziologiya İnstitutunun yaradıcısı və hazırda adını daşıdığı görkəmli fizioloq, akademik Abdulla Qarayevin anadan olmasının 110 illiyinin qeyd olunması nəzərdə tutulub. Karantin rejiminə baxmayaraq bu istiqamətdə də təşkilati işlər təbii ki, bugünkü şəraitə müvafiq formada davam edir. AMEA-nın Xəbərlər jurnalının “Həyat elmləri və biotibb” seriyasının Abdulla Qarayevin yubiliyinə həsr olunacaq xüsusi buraxılışına ingilisdilli məqalələrin toplanması və ekspertizası üzrə işlər ev şəraitində yerinə yetirilir.

İnstitutun beynəlxalq əlaqələrini davam etdirdiyini deyən direktor Sankt-Peterburq alimləri ilə aparılan “Yaşla bağlı və sosial əhəmiyyətli xəstəliklərin erkən diaqnostikasına qeyri-invaziv innovativ yanaşmaların işlənməsi” layihəsi üzrə tədqiqatlar barədə də məlumat verib.

Alim Akademiyanın digər müəssisələrində olduğu kimi, Fiziologiya İnstitutunda da magistratura proqramının distant formada aparılmasının təşkil edildiyini, qurumun veb-saytına fənlərin müvafiq mövzuları üzrə mühazirə, seminar materialları və digər əlavə vəsaitlərin yerləşdirildiyini vurğulayıb.

U.Həşimova bir vətəndaş kimi “Evdə qal” layihəsinə qoşularaq bu günlərdə bütün əmək fəaliyyətini, yaxınları ilə əlaqələrini, məişət qayğılarını karantinlə bağlı xüsusi rejimin tələblərinə uyğun olaraq həyata keçirdiyini qeyd edib. O, hər kəsə intizamlı olmağı, evini tərk etməməyi tövsiyə edib: “Gündəlik minimal fiziki aktivliyi təmin etmək üçün adi ev işləri ilə yanaşı, hər gün ən azı 30 dəqiqə idmanla məşğul oluram. Özünütəcrid bu günün tələbidir və mən həmvətənlərimi bu tələbə riayət etməyə çağırıram”.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: