Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Aşqarlar Kimyası İnstitutunun laboratoriyaları onlayn fəaliyyət göstərəcək
14.04.2020 11:59
  • A-
  • A
  • A+

Aşqarlar Kimyası İnstitutunun laboratoriyaları onlayn fəaliyyət göstərəcək

Koronavirus pandemiyası ilə əlaqədar ölkədə elan edilən karantin rejimi ilə əlaqədar AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin müvafiq sərəncamından irəli gələn vəzifələr Aşqarlar Kimyası İnstitutunda da həyata keçirilir.

Belə ki, institutun direktoru, akademik Vaqif Fərzəliyevin sərəncamı ilə laboratoriya rəhbərlərinə onlayn formada fəaliyyəti davam etdirmək barədə bir sıra tapşırıqlar verilib. Laboratoriyalarda çalışan elmi işçilər tədqiqat sahəsi üzrə elmi məlumatların toplanılması və analizi, elmi məqalələrin yazılıb çapa təqdim olunması, seminar, konsultasiya və konfranslarda iştirak kimi üzərlərinə düşən işləri onlayn formada yerinə yetirəcəklər.

Eyni zamanda, institutun alimləri Azərbaycan dilində Vikipediya üçün məqalə hazırlanması və yerləşdirilməsi işi ilə məşğul olacaq, eləcə də “Elmi kadrlar” informasiya portalında hər bir elmi işçi haqqında məlumat yerləşdirəcəklər. Hər laboratoriya və digər sahələr üzrə qazanılan nailiyyətlər haqqında məlumat institutun portalına daxil ediləcək.

Patent tədqiqatları və elmi informasiyanın analizi şöbəsi elmi işçilərə lazımi informasiya dəstəyi göstərəcək.

Bundan başqa, elmi müəssisənin birinci kurs magistrantlarının təhsili distant formada aparılır, ikinci kurs doktorantların elmi pedaqoji-təcrübə, doktorant və dissertantların elmi rəhbərləri ilə məsləhət saatlarının onlayn təşkili nəzərdə tutulur.

İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, k.ü.f.d., dos. Əfsun Sucayev karantin dövründə gənclərin elmi fəaliyyətləri sahəsində görülən işlər və əldə edilən nailiyyətlər barədə elmi katibliyi məlumatlandıracaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: