Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Akademik Dilqəm Tağıyev: “Kataliz və Qeyri-üzvi Kimya İnstitutu öz fəaliyyətini karantin rejiminin tələblərinə uyğun qurub”
13.04.2020 16:12
  • A-
  • A
  • A+

Akademik Dilqəm Tağıyev: “Kataliz və Qeyri-üzvi Kimya İnstitutu öz fəaliyyətini karantin rejiminin tələblərinə uyğun qurub”

AMEA-nın akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu öz fəaliyyətini Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus pandemiyası və xüsusi karantin rejimi ilə bağlı tələblərinə uyğun davam etdirir.

Bu barədə AMEA-nın vitse-prezidenti, Kimya Elmləri Bölməsinin sədri, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun direktoru akademik Dilqəm Tağıyev müsahibə verib. Alim bildirib ki, institutun rəhbərliyi şöbə və laboratoriya müdirləri ilə mütəmadi olaraq onlayn formada əlaqə saxlayır, onlara tapşırıq və tövsiyələrini verir.

İnstitut direktoru qeyd edib ki, qurumun rəsmi kqkiamea.az veb-saytının əməkdaşları öz fəaliyyətini onlayn şəkildə davam etdirir və hər gün dünyada, eləcə də ölkəmizdə koronavirus pandemiyası ilə bağlı son məlumatları, bu virusla mübarizə məqsədilə görülən tədbirləri, aparılan araşdırmaları, həmçinin institutun həyatında baş verən yenilikləri işıqlandırırlar.

Akademik vurğulayıb ki, AMEA-nın prezidenti akademik Ramiz Mehdiyevin “AMEA-nın magistrantları üçün distant (məsafədən) tədrisin təşkil edilməsi haqqında” Sərəncamının icrasını təmin etmək məqsədilə qurumda təhsil alan I kurs magistrantları üçün dərslər distant formada davam etdirilir. II kursda təhsil alan magistrantlar isə elmi-pedaqoji təcrübə rəhbərləri ilə birgə distant dərslərə qoşulur, elmi rəhbərləri onlara həm tədris prosesi, həm də dissertasiya işlərinin yekunlaşdırılması üzrə elmi-metodiki məsləhətlər verirlər.

D.Tağıyev institutun elmi işçiləri tərəfindən 2020-ci il üçün nəzərdə tutulan laboratoriya tədqiqatlarından bəhs edərək deyib ki, bu araşdırmalar karantin dövrünə qədər, yəni yanvar-mart ayları ərzində yerinə yetirilib: “Hazırda aparılan elmi-tədqiqat işləri emal edilir və alınan nəticələr əsasında məqalələr hazırlanır. Artıq 10-dan çox məqalə çapa qəbul edilib”.

Alim, həmçinin əlavə edib ki, institutun iki elmi jurnalı – “Azərbaycan kimya jurnalı” və “Kimya problemləri jurnalı” da öz fəaliyyətini onlayn formada davam etdirir. Daxil olan məqalələr rəyə göndərilir və redaksiya üzvlərinin onlayn müzakirəsinə təqdim olunur. Hər iki jurnalın növbəti nömrələrinin çapa hazırlığı ilə bağlı işlər gedir.

D.Tağıyev institutda fəaliyyət göstərən iki beynəlxalq laboratoriyanın karantin dövrünə qədər apardıqları elmi-tədqiqatların nəticələrini xarici həmkarları ilə onlayn rejimdə müzakirə etdiklərini və növbəti mərhələləri planlaşdırdıqlarını diqqətə çatdırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: