Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Əlyazmalar İnstitutunun alimləri elmi araşdırmalarını davam etdirirlər
10.04.2020 12:48
  • A-
  • A
  • A+

Əlyazmalar İnstitutunun alimləri elmi araşdırmalarını davam etdirirlər

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun kollektivi sosial izolyasiya və xüsusi karantin rejimində elmi fəaliyyəti davam etdirir. Elmi müəssisə “Evdə qal, işdən qalma” rubrikası adı altında əməkdaşlarının fəaliyyətinə dair məlumat verir.

Belə ki, institutun alimləri tərəfindən tədqiqat işlərinin nəticələri nüfuzlu elmi jurnallara, müxtəlif elmi məcmuələrə təqdim edilir. Bu nəşrlərin sırasında Əlyazmalar İnstitutunun mətbu orqanları (“Əlyazmalar yanmır”, “Elmi əsərlər”, “Filologiya məsələləri” jurnalları) da yer alıb.

Karantin dövründə jurnal redaksiyalarına göndərilən və çapa tövsiyə edilən məqalələrdən biri institutun Ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, professor Kamandar Şərifovun hazırladığı və “Əlyazmalar yanmır” jurnalına təqdim etdiyi “Mirzə Kazım bəyin mətnşünaslıq fəaliyyəti” adlı məqaləsidir. 

Məqalədə qeyd olunur ki, Mirzə Kazımbəy müraciət etdiyi yazılı abidələrin əlyazma mənbələrini və onunla bağlı ayrı-ayrı məxəzlərin verdiyi məlumatları kompleks şəkildə tədqiq edərək onlara hər zaman tənqidi yanaşıb, doğrunu səhvdən, həqiqəti uydurmadan ayırmağa çalışıb. Onun mətnşünaslıq metod və prinsiplərinin öyrənilməsi üçün elmi irsinə, başqa sözlə, elmi mətnlərini tərtib etdiyi yazılı abidələrə, “Dərbəndnamə”, “Qisseyi-Yusif”, “Məhəmmədiyyə”, “Səbat əl-acizin”, “Müxtəsər əl-viqayə”yə və onlara yazdığı şərhlərə müraciət etmək lazımdır.

Vurğulanıb ki, alimin tekstoloji tədqiqatları folklor və bədii ədəbiyyat abidələri ilə yanaşı, tarix, islam hüquqşünaslığı və ilahiyyat elmlərinə dair əsərləri əhatə edib. Bütün bunlar Mirzə Kazımbəyin Şərq, müsəlman mədəniyyətinə dərindən yiyələnmiş bir alim olduğunu göstərir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: