Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Akademik Rafael Hüseynovun adı dünyanın görkəmli alimlərinin reyestrinə daxil edilib
16.10.2014 00:00
  • A-
  • A
  • A+

Akademik Rafael Hüseynovun adı dünyanın görkəmli alimlərinin reyestrinə daxil edilib

Böyük Britaniyada Azərbaycan elminin böyük uğuru kimi qiymətləndirilməli olan bir xoş hadisə baş verib.

Azərbaycanlı alim, AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov Yaxın və Orta Şərq xalqlarının orta əsrlərdə yaranmış ədəbiyyatı və mədəniyyətini araşdırmaq və dünya miqyasında müvəffəqiyyətlə təbliğ etmək istiqamətindəki səmərəli fəaliyyətlərinə görə “Elmdə ad” Beynəlxalq mükafatına layiq görülüb.

Oksford şəhərinin möhtəşəm tarixi tikililərindən olan şəhər ratuşa binasında keçirilən tədbirdə azərbaycanlı alim “Dünya elminə töhfələrinə görə” medalı ilə təltif olunub. Dünyanın 30-dan artıq ölkəsindən gəlmiş alimlərin iştirakı ilə keçirilən təntənəli təltifetmə mərasimində çıxış edən akademik Rafael Hüseynov deyib: “Dahi Sokratın 24 əsr əvvəl söylədiyi bir çox başqa aforizmlər kimi, bu sözləri də köhnəlməzdir. O müdrik insan sadə sözlərlə qətiyyən sadə olmayan bir həyat həqiqətinə işıq tutaraq belə deyib: “Günəşin bircə eybi var ki, özünü görə bilmir”. Bizim isə Günəşdən fərqli olaraq bir yox, çox eyiblərimiz, xeyli çatışmayan cəhətlərimiz vardır. Amma hər halda Günəşlə müqayisədə bizim ondan vur-tut bircə üstünlüyümüz də olmamış deyil. Bu da ondan ibarətdir ki, özümüzü görə bilirik. Demək, özümüzü, əməllərimizi təhlil edə bilirik, özümüzə tənqidi də yanaşmağı bacarırıq. Günəş işığın, parlaqlığın ən ali qaynağıdır. İnsandan fərqli olaraq işıq, parlaqlıq Günəşin təbiətində, varlığında, özündədir. Müəyyən zəhmətləri olan insanları fərqləndirmək üçün onlara verilən mükafatların məqsədi isə həmin şəxslərin işığını, parlaqlığını artırmaqdır. Yəni, başqaları onları görmürdülərsə görsünlər, əvvəl də görürdülərsə, sabah onlara daha çox diqqət yetirsinlər. Təltiflər, o cümlədən mənə indi təqdim olunan bu mükafat adamı döndərib Günəş etmir, Ulduz etmir. Bir az işıq verir, əvəzində məsuliyyəti qat-qat artırır və təklif edir ki, buyur, indi daha çox çalış, dünənə qədər işlədiyindən daha çox işlə. Sokratın bir başqa nəsihəti də bizə yadigar qalıb. Özündən soruşurdu: “Mən insanlara demək istədiklərimin hamısını deyə bildimmi? Yəqin ki, bəli! Bəs, deməli olduqlarımın hamısını necə?”

Təbii ki, bu sualın cavabı müsbət ola bilməz. Çünki deməli olduğumuz sözlər, yazmalı olduğumuz əsərlər, görməli olduğumuz işlər hələ çox, lap çox, tükənməz qədər çoxdur. Bu mükafat da bizi həmin görülməli işlərin davamlı olmasına həvəsləndirməyə, səfərbər etməyə hesablanmış vasitə, stimuldur. Mükafata görə çox sağ olun, amma işarənizi də başa düşdük, vəzifəmizi də anladıq. Gedirik bizə etimad göstərməkdə yanılmadığınızı sübut etməyə. Gedirik bu günə qədər olduğundan daha çox işləməyə!”.

Beynəlxalq Sokrat Komitəsinin qərarı ilə akademik Rafael Hüseynovun adı XXI əsrin Görkəmli Alimlərin Dünya Reyestrinə daxil edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: