www.science.az
04.04.2020 11:40

ISESCO koronovirusla mübarizədə üzv ölkələrə yardım layihəsinə start verib

İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) üzv ölkələrdə yeni növ koronavirus pandemiyasına qarşı mübarizəyə töhfə vermək məqsədilə yardım layihəsinə start verib.

Təşkilat İslam ölkələrində əlin dezinfeksiyası üçün jele istehsal edən kiçik müəssisələrin yaradılması, eləcə də müvafiq personalın təlimi üçün texniki və maliyyə yardımı göstərəcək.

ISESCO-nun məlumatında qeyd olunub ki, təşkilat üzv ölkələrdə COVID-19 virusunun yayılmasının monitorinqini aparır və qurum bundan sonra da pandemiyanın qarşısının alınması, onun sosial-iqtisadi vəziyyətə təsirinin azaldılması istiqamətində səylərini davam etdirəcək.

COVID-19 virusunun yayılmasının qarşısının alınması üçün gigiyena qaydalarına ciddi əməl olunması məqsədilə yeni texnologiyaların tətbiqi ilə kiçik müəssisələrin yaradılması, bununla da bir sıra icmalarda əlavə iş yerlərinin açılması nəzərdə tutulur.

Qeyd edək ki, layihə tibbi ləvazimatların kiçik müəssisələrdə istehsalı üzrə ISESCO-nun proqramı çərçivəsində həyata keçiriləcək. İlk olaraq, təşkilat Mali Respublikasında hökumət strukturları ilə birgə fəaliyyət göstərəcək. Sonra digər üzv ölkələrdə də layihənin həyata keçirilməsinə başlanılacaq.

www.icesco.org