www.science.az
02.04.2020 15:38

UNESCO koronavirus pandemiyası ilə bağlı virtual dialoq keçirib

Martın 30-da UNESCO-nun baş qərargahında bu qurumun Təbiət Elmləri Sektorunun təşkilatçılığı ilə 120-dən çox üzv ölkənin 200-dən artıq səhiyyə, elm və təhsil nazirlərinin iştirakı ilə koronovirusa (COVID-19) həsr edilmiş “Açıq elm” beynəlxalq elmi əməkdaşlıq üzrə virtual dialoq keçirilib. İlk dəfə belə format və miqyasda keçirilən onlayn-dialoq görüşündə Azərbaycanı AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova təmsil edib.

Tədbirin məqsədi dünyanın elmi dairələri arasında dialoq və təcrübə mübadiləsi üçün platformanın təmin edilməsi olub. Bildirilib ki, bu problemin həlli bütün dünya ölkələrinin iştirakını tələb edir.

Görüşdə UNESCO-nun baş direktoru Odriy Azulay COVID-19 pandemiyasının dünyada yayılması, bütün ölkələrin bu virusa qarşı birgə mübarizəsi və qarşıda duran mühüm məsələlər barədə məlumat verib.

Baş direktorun təbiət elmləri üzrə köməkçisi Şamila Nair-Bedouelle qeyd edib ki, COVID-19 pandemiyası insanlara mövcud təhdid və problemlərə qlobal reaksiyalar zamanı elmin oynadığı vacib rolu xatırladıb. Bildirib ki, müxtəlif ölkələrin hökumətləri xalqlarını qorumaq, virusun yayılmasının qarşısını almaq və pandemiya ilə mübarizə aparmaq üçün elmi dairələri hərəkətə keçməyə çağırır.

Onlayn-dialoq görüşündə müxtəlif ölkələrin nazirləri öz ölkələrində mövcud olan vəziyyət, aparılan müzakirələr və görülən işlər, gələcəkdə bu istiqamətdə atılacaq addımlar barədə qısa məlumat veriblər.

Tədbirdə, həmçinin pandemiyanın yayılmasının qarşısının alınması, yoluxmuş insanların yoxlanılması, xəstəliyin diaqnostikası və xəstələrin müalicəsi üzrə əldə olunmuş nailiyyətlərin Ümumdünya Səhiyyə Təşkilatının xətti ilə bütün ölkələrə bildirilməsi, inkişaf etməkdə olan, xüsusilə Afrika ölkələrinə yardım göstərilməsi, eləcə də COVID-19 virusunun öyrənilməsi, ona qarşı dərman vasitələri və vaksinlərin hazırlanması istiqamətində birgə əməkdaşlığın aparılması üzrə tövsiyələr verilib. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.