www.science.az
02.04.2020 14:24

Rusiya Elmlər Akademiyasının mütəxəssislərinin iştirakı ilə koronavirusa qarşı üç vaksin hazırlanır

Rusiya Elmlər Akademiyasının (REA) mütəxəssislərinin iştirakı ilə koronavirus infeksiyasının müalicəsində istifadə edilə bilən üç vaksin hazırlanır. 

ria.ru saytı xəbər verir ki, bu barədə REA-nın vitse-prezidenti, Tibbi-Bioloji Elmlər Bölməsinin rəhbəri, akademik Vladimir Çexonin məlumat verib.

Onun sözlərinə görə, M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Biologiya fakültəsində COVID-19-a qarşı çoxvalentli vaksinin prototipi işlənilir.

Həmçinin Şemyakin və Ovçannikov adına Bioorqanik Kimya İnstitutunda koronavirus zülallarının rekombinant fraqmentlərindən istifadə olunmuş virusabənzər hissəciklər əsasında COVID-19-a qarşı müasir yüksəktexnologiyalı vaksin hazırlanır.

Vitse-prezident qeyd edib ki, Vavilov adına Ümumi Genetika İnstitutunda hazırlanan vaksin öz səthi üzərində koronavirusun üç zülalını saxlayır: “Bu isə, eyni zamanda, çoxvalentli vaksin yaratmağa kömək edəcək”.

V.Çexoninin sözlərinə görə, REA ilə Təhsil və Elm Nazirliyi tərəfindən yerinə yetirilən bu üç layihəyə Səhiyyə Nazirliyi böyük önəm verir.