www.science.az
01.04.2020 15:55

Akademik İbrahim Quliyev: “Elmi elita müstəqil bir tənqidçi olmalıdır”

Epidemiya ilə əlaqədar yaradılan şura və komitələrdə elm adamları da təmsil olunmalıdır.

Bu fikri AMEA-nın birinci vitse-prezidenti, akademik İbrahim Quliyev “Kaspi” qəzetinə verdiyi müsahibə zamanı səsləndirib.

Akademik müharibələr, epidemiyalar və digər faciəli hadisələrin sosial həyat, innovasiyalar və iqtisadi artımın yeni formaları üçün yarada biləcəyi şəraitdən, eləcə də heç bir sərhəd tanımayan qlobal çağırışların spesifikasından bəhs edib.

Həmçinin sivilizasiyanın əsas müasir qlobal çağırışları, koronavirus pandemiyasının məhz Çin, Cənubi Avropa və İranda geniş yayılma səbəbləri, epidemiyanın iqtisadiyyatdan geosiyasətə qədər bütün sahələrdə yaratdığı durğunluq, elmi elita anlayışı və s. barədə sualları cavablandırıb.

“Elmi elita müstəqil bir tənqidçi olmalıdır”, – deyə bildirən alim hazırkı vəziyyətdə sivilizasiyanın fundamental elmə müraciət etməli olduğunu bildirib. Akademik İ.Quliyev qeyd edib ki, epidemiya ilə əlaqədar yaradılan qərargah, şura və komitələr yalnız vəzifəli şəxslərdən deyil, həm də elm adamlarından ibarət olmalıdır: “Ölkədə müstəqil və açıq şəkildə hökumətə tövsiyələr vermək hüququna malik alimlərdən ibarət müstəqil məsləhət komitələri yaradılmayana qədər ortaya çıxan problemlərə reaksiya indiki kimi xaotik və təsirsiz olacaq”.

Müasir demokratik cəmiyyətdə mövcud olan elmi elita dövlət hakimiyyəti ilə əlaqəli opponent rolunu oynamalı, obyektiv, ixtisaslı, təcrübəli, sərt və ən əsası - müstəqil, tərəflərin təsirinə məruz qalmayan tənqidçi olmalıdır.

Birinci vitse-prezident bildirib ki, opponentlər və ciddi tənqidçilərin olmadığı yerdə uğurlu layihələrdən söhbət gedə bilməz. Sivilizasiyanın təməlinin elm və mədəniyyət olduğunu açıq bir həqiqət kimi dərk etmək vacibdir. Hazırda yeni bir pandemiya təhlükəsi altında, genetika və virusologiya sahəsindəki tədqiqatları dəstəkləmək üçün ictimai və özəl fondlar yaradılır.

Akademik İ.Quliyev bu pandemiya və sonrakı iqtisadi qarışıqlığı geridə qoyduqdan sonra insanları fərqli bir mədəniyyətin gözlədiyinə inamını ifadə edib.

Müsahibənin tam mətni ilə buradan tanış olmaq mümkündür.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.